Avropa İttifaqı "Yelo Bank"a sanksiya tətbiq etdi
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini tətbiq edib.
Siyahıda "Yelo Bank-Azərbaycan"ın da adı daxil edilib. "Yelo Bank" (əvvəlki adı ilə “Nikoil Bank”) Azərbaycanın bank sektorunda fəaliyyət göstərən kommersiya bankıdır.
"Yelo Bank"ın əsas sahibi tanınmış azərbaycanlı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovdur. Bankın səhmlərinin böyük hissəsi isə Marina Kulişovaya məxsusdu.
Qeyd edək ki, 2022-ci ilin mart ayından bəri Marina Kulişova "Yelo Bank"ın birbaşa nəzarətçisidir. O nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ikinci ən böyük bankı olan "Yelo Bank"ın 98,94%-nə sahibdir.
Kulişova 2008-ci ildən "Yelo Bank"ın Müşahidə Şurasının üzvü, 2016-cı ildən isə Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur. O, bu vəzifəyə 2021-ci il yanvarında təyin olunub. Anar Həsənov 30 saylı Suraxanı birinci seçki dairəsindən Milli Məclisə deputat seçilən Sevinc Fətəliyevanın həyat yoldaşıdır.
Yelo Bank Aİ-nin 20-ci sanksiya paketində "Yelo Bank-Azərbaycan"-ın adının yer almasına aydınlıq gətirib.
Bank yaydığı rəsmi açıqlamada bəyan edib ki, "Yelo Bank" fəaliyyətini hər zaman həm beynəlxalq, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə qurur, bu gün də ABŞ Maliyyə Nazirliyi (OFAC), Avropa İttifaqı və BMT-nin sanksiya rejimlərinə, habelə AML/CFT üzrə beynəlxalq standartlara və yerli tələblərə ciddi şəkildə riayət etməkdə davam edir.
Sözügedən qərar isə banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair sırf texniki xarakter daşıyır. Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir.
100% yerli kapitala malik Azərbaycan bankı olaraq, fəaliyyətimizin əsas məqsədi ölkədəki mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək, əhaliyə gündəlik həyatlarını rahatlaşdıran bankçılıq həlləri təqdim etməkdir. Hal-hazırda "Yelo Bank"ın maliyyə dayanıqlılığı yüksək səviyyədədir. İlin 1-ci rübün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm kapital dayanıqlılığı üzrə artım dinamikasını qoruyub saxlayıb.
Məcmu kapital 177 mln manata yüksəlib, məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir.
Bütün xidmətlərimiz və əməliyyatlarımız adi rejimdə davam edir.
Məsələnin yenidən nəzərdən keçirilməsi və ləğv edilməsi məqsədilə artıq aidiyyəti qurumlar və hüquqi instansiyalarla rəsmi işlərə başlanılıb. Əminik ki, bu anlaşılmazlıq ən qısa zamanda aradan qaldırılacaq.




