"Trendyol" və "PAŞA Holdinq" region qadınları üçün AI savadlılığı mövzusunda təlimlər keçirib
Müasir əmək bazarının rəqabət şərtləri artıq diplomlarla deyil, texnoloji çevikliklə ölçülür. Bu baxımdan, Gəncə və Mingəçevirdə "Trendyol" və "PAŞA Holding"in dəstəyi, "Women in Tech Azerbaijan"ın təşkilatçılığı ilə reallaşan “Süni intellektlə yeni başlanğıc” iki günlük AI düşərgəsi sadəcə bir təlim deyil, region gəncliyi, xüsusən də gənc qadınların üzünə rəqəmsal dünyanın qapılarını açan tədbirdir.
Bu təlimlər 18-25 yaş arası gənc qadınların texnologiyaya marağının gözləniləndən qat-qat yüksək olduğunu ortaya qoyur.
"Women in Tech Azerbaijan" tərəfindən idarə olunan layihənin əsas hədəfi rəqəmsal dünyada gender bərabərliyini təmin etmək və qadınların texnoloji resurslara çıxışını genişləndirməkdir. Gəncə və Mingəçevirdən seçilmiş 80 iştirakçı (hər şəhər üzrə 40 nəfər) iki gün ərzində prompt mühəndisliyi, AI-nin təhsil və karyera inkişafında tətbiqi kimi praktik bacarıqlara yiyələniblər.
Tədbirdə çıxış edən "Trendyol"un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova maraqlı bir məqama toxunub. O bildirib ki, süni intellekt artıq bir "gələcək arzusu" deyil, gündəlik iş prosesinin — logistikadan tutmuş müştəri rəylərinə qədər hər sahənin əsasıdır: “Öyrəndiyimiz hər saat, hər dəqiqə bizim gələcəyimizə olan investisiyamızdır. "Trendyol” bir texnologiya şirkətidir, biz texnologiyalardan təkcə istifadə eləmirik, biz hər gün yeni texnologiya yaradırıq, yeni şeylər öyrənirik, mövcud texnologiyanı necə təkmilləşdirmək, müxtəlif sahələrdə necə tətbiq etməyin yollarını öyrənirik. Təbii ki, bunun çox böyük hissəsi süni intellektlə bağlıdır. Xüsusilə müasir elektron ticarət sahəsində süni intellektden çox geniş istifadə olunur. Müştəriyə tövsiyə verməkdən tutmuş, məhsulun istehlakçıya çatdırılmasına olan dəstək, satıcıların sistemdə öz anbarlarını görməsinə qədər - bunların hamısı süni intellektin nəticəsidir. Azərbaycanda oturub başqa bir ölkədə hansısa platformaya öz dilinizdə yazdığınız kəlmələri çevik şəkildə çevirmə də süni intellektin işidir. Bizim şirkətimizdə minlərlə mühəndis çalışır. Onların çox böyük qismi qadınlar, xüsusilə gənc qadınlardır. Getdikcə təcrübə göstərir ki, qadınlar texnologiyaya daha çox maraq göstərirlər. Sizlərin bu təlimlərdə fəal iştirakı da bunun bariz nümunəsidir. Bu təlimlərin bəziləri üçün yeni başlanğıc olacağına inanıram. Böyük ideyalar bu cür mühitlərdən, müzakirələrdən, qarşılıqlı fikir mübadiləsindən yaranır”.
Gəncə Dövlət Universitetinin tələbəsi Hüseynova Zəhra layihə ilə bağlı fikirlərini AFN.az-a bölüşərkən bildirdi ki, bura qatılmağı çox istəyib: "Digər layihələrlə müqayisədə aktivlik çoxdur. Çox dəyərli fikir və təcrübə mübadilələrimiz oldu. Ümid edirəm ki, bu cür tədbirlərin sayı çoxalar. Həm Gəncədə, həm də ətraf regionlarda bu cür təlimlərə qatılmaq istəyən gənc xanımlar çoxdur. İstəyirəm onlar da faydalana bilsinlər".
Layihənin təşkilatçısı, "Women in Tech Azerbaijan"ın direktoru Leyla Seyidzadə vurğuladı ki, bu proses 4 günlə məhdudlaşmayacaq. Beynəlxalq sertifikat alan qızlar üçün bu, həm də şəbəkələşmə və davamlı inkişafın ilk pilləsidir.
Regionlarda yaşayan gənc qızların analitik düşünmə qabiliyyəti və "doğru prompt" (sorğu) vermək bacarığı, gələcəkdə ölkəmizin texnologiya ixracatçısı kimi formalaşmasında mühüm rol oynaya bilər. Bu düşərgə bir daha sübut edir ki, texnologiya sahəsindəki disbalansı yalnız real bilik və əlçatan təlimlərlə aradan qaldırmaq mümkündür.

