SpaceX"in "Starbase" obyektində partlayış baş verib



"SpaceX" şirkətinin Texasdakı "Starbase" obyektində dünyanın ən böyük raketi olan "Starship"in kritik uçuş testi hazırlıqları davam edərkən partlayış baş verib.

AFN.az xəbər verir ki, İlon Maskın şirkəti tərəfindən həyata keçirilən sulama sisteminin sınağı zamanı baş verən hadisə bölgədəki canlı yayım kameralarına anbaan yansıyıb.

Partlayış raketin buraxılışı zamanı yaranan nəhəng alovu və istiliyi tarazlaşdırmaq məqsədilə buraxılış meydançasına təzyiqli su püskürdən sistemin testi zamanı gerçəkləşib.

"NASASpaceflight" tərəfindən paylaşılan görüntülərdə test zamanı böyük bir tüstü buludunun yüksəldiyi və bəzi qalıq hissələrinin yüzlərlə metr hündürlüyə sovrulduğu görülüb.

Hadisədən dərhal sonra sistemin avtomatik olaraq qapandığı bildirilir.

Qeyd edək ki, "SpaceX" NASA-nın "Artemis" proqramı çərçivəsində astronavtları 2028-ci ilə qədər yenidən Ay səthinə endirmək üçün milyard dollarlıq müqaviləyə sahibdir.

"Starship""Super Heavy" sürətləndiricisindən ibarət 124 metr hündürlüyündəki nəhəng konstruksiya indiyədək hazırlanmış ən güclü obyektdir.

Lakin buraxılış sistemindəki bu son qəza artıq müəyyən ləngimələrlə üzləşən "Artemis" təqvimi üçün yeni bir risk yarada bilər.

İlon Mask aprel ayının əvvəlində verdiyi açıqlamada növbəti uçuş testinin 4-6 həftə ərzində baş tuta biləcəyini qeyd etmişdi.

Bu təqvimə görə, buraxılışın mayın 18-nə qədər həyata keçirilməsi planlaşdırılırdı.

Baş verən partlayışın meydançada və ya raket komponentlərində qalıcı zədəyə yol açıb-açmadığı hələlik məlum deyil.

NASA-nın keçmiş rəhbəri Cim Braydenstayn bir müddət əvvəl xəbərdarlıq etmişdi ki, "Starship"in mürəkkəb memarlığı və kosmosda yanacaq doldurma kimi hələ inkişaf mərhələsində olan texnologiyalar səbəbindən ABŞ Ay yarışında Çindən geri qala bilər.

Texasdakı bu son hadisə layihə qarşısındakı mühəndislik çətinliklərinin nə dərəcədə böyük olduğunu bir daha sübut edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu