Sem Altman və İlon Maskı qarşı-qarşıya gətirən məhkəmə işində qərar açıqlanıb



Dünyanın ən zəngin insanı ilə süni intellekt sektorunun aparıcı simasını qarşı-qarşıya gətirən uzun və çətin hüquqi mübarizədə münsiflər heyəti Sem Altmanın xeyrinə qərar çıxarıb.

AFN.az xəbər verir ki, Kaliforniyanın Oklend şəhərindəki federal münsiflər heyəti Sem Altman, "OpenAI" və şirkət rəhbəri Qreq Brokmanı İlon Maskın ədalətsiz qazanc əldə etmək və təsis müqaviləsini pozmaq iddialarından azad edib.

İki saatdan az çəkən müzakirələrdən sonra çıxan bu qərar Mask və vəkillərinin Altmanın "OpenAI" rəhbərliyi vasitəsilə "xeyriyyə fondunu oğurladığı" barədəki iddialarının qəti şəkildə rədd edilməsi mənasına gəlir.

Qərar eyni zamanda süni intellekt şirkətinin bu ilin sonlarında təxminən 1 trilyon dollar dəyərləndirmə ilə birjaya çıxmaq planlarının qarşısını açır.

Münsiflər heyətinin təqdim etdiyi tövsiyə xarakterli və məcburi olmayan qərar bu işdə son sözü demək səlahiyyətini hakim İvon Qonzales Rocersə buraxmışdı.

Hakim Rocers dərhal münsiflər heyətinin qərarı ilə razılaşdığını bəyan edərək Maskın tələblərini rədd edib.

Hakim Rocers qərardan sonra Maskın vəkilinə bildirib ki, münsiflər heyətinin gəldiyi qənaəti dəstəkləyən mühüm sübutlar var, ona görə də o, iddiaları dərhal rədd etməyə hazırdır.

Münsiflər heyəti Maskın 2024-cü ildə qaldırdığı iddianın iddia müddəti çərçivəsində olmadığına qərar verib.

Məhkəmədəki əsas hüquqi mübahisələrdən biri Maskın iddia etdiyi zərərlərin və xeyriyyə fondunun etibarından sui-istifadə ittihamının müəyyən tarixlərdən əvvəl baş verib-verməməsi üzərində cəmləşib.

"OpenAI" Maskın şirkətin kommersiya məqsədli struktura keçmək planlarından hələ 2017-ci ildə xəbərdar olduğunu, bu səbəbdən iddianın üç illik qanuni müddətdən kənarda qaldırıldığını müdafiə edib.

Qərar oxunduqdan sonra vəkillər sənədlərini toplayaraq məhkəmə zalını tərk ediblər. Hakim Rocers hər bir münsifə imzaladığı, tarix qoyduğu və "Xidmətiniz üçün təşəkkür edirəm" yazdığı kiçik bir cib konstitusiyası hədiyyə edib.

Məhkəmə binası qarşısında keçirilən mətbuat konfransında "OpenAI"ın baş vəkili Vilyam Savitt münsiflər heyətinin yüzlərlə sübutu araşdırdığını və həftələrlə davam edən şahid ifadələrini dinlədiyini bildirib.

Savitt Maskın iddiasını "rəqibi sabotaj etməyə yönəlmiş ikiüzlü cəhd" kimi qiymətləndirib.

Savitt "Cənab Mask öz hekayələrini danışa bilər. Münsiflər heyətinin bu gün müəyyən etdiyi şey isə bunların faktlar deyil, sadəcə hekayələr olduğudur" deyərək münsif qərarının texniki deyil, mahiyyəti üzrə qərar olduğunu əlavə edib.

Maskın vəkilləri Stiven Molo və Mark Toberof isə məğlubiyyətə baxmayaraq işin məqsədinə çatdığını və "OpenAI"ı ifşa etdiyini müdafiə ediblər.

Molo ifadələrin dünyanın görməsi baxımından dəyərli olduğunu və münsiflər heyətinin qərarının texniki bir səbəbə əsaslandığını irəli sürüb.

İlon Mask sosial media hesabı vasitəsilə etdiyi paylaşımda qərardan apellyasiya şikayəti verəcəyini bəyan edib.

Mask paylaşımında ""OpenAI" çəkişməsi ilə bağlı hakim və münsiflər heyəti işin mahiyyəti barədə heç vaxt real qərar vermədi, sadəcə təqvim texnikiliyinə əsaslandı" ifadələrini işlədib və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Qərar anında nə Mask, nə Altman, nə də Brokmanın məhkəmə zalında olmadığı bildirilib.

Oklenddəki doqquz nəfərlik münsiflər heyəti Silikon Vadisinin ən tanınmış rəhbərlərinin kürsüyə çıxdığı üç həftəlik məhkəmə prosesindən sonra bazar ertəsi səhər müzakirələrə başlamışdı.

Məhkəmə çəkişməsində Mask, Altman, Brokman"Microsoft"un baş direktoru Satya Nadella ifadə verib və məhkəmə zalında zaman-zaman sərt çarpaz sorğularla qarşılaşıblar.

Maskın iddiasında Altmana kömək etməkdə ittiham etdiyi "Microsoft" da münsiflər heyətinin qərarı ilə təqsirsiz bilinib.

"Microsoft" sözçüsü etdiyi açıqlamada "Bu davadakı faktlar və xronologiya uzun müddətdir aydın idi" deyərək münsiflər heyətinin qərarını məmnuniyyətlə qarşıladıqlarını bildirib.

Bu qərar texnologiya dünyasının ən yaxından izlənilən məhkəmə işlərindən birini sonlandırarkən, "OpenAI"ın təlatümlü keçmişinə və sektorun iki böyük siması arasındakı mübarizəyə pərdəarxası baxış imkanı yaradıb.

Bu məhkəmə işi Altman üçün bir qələbə olsa da, hər iki milyarderlə bağlı o qədər də xoş olmayan detalları və hadisələri ictimaiyyətin gündəminə daşıyıb.

Maskın açdığı iddia "OpenAI"ın kommersiya məqsədli qolundan qeyri-kommersiya qoluna 134 milyard dolların yenidən köçürülməsini tələb edirdi.

Bundan əlavə, Altman və Brokmanın "OpenAI"dakı vəzifələrindən uzaqlaşdırılması və şirkətin kommersiya məqsədli yenidən qurulmasının ləğv edilməsi istənilirdi.

Məhkəmə işinin mərkəzində Maskın Altman, Brokman və "OpenAI"ın şirkəti kommersiya müəssisəsinə çevirərək təsis müqaviləsini pozduqları barədə iddiaları dayanırdı.

Mask cavabdehləri xeyriyyə fondunun etibarından sui-istifadədə və ədalətsiz qazanc əldə etməkdə ittiham edərək, Altmanın onu 2015-ci ildə bəşəriyyətin xeyrinə qeyri-kommersiya təşkilatı kimi "OpenAI"ı qurmağa razı saldığını, daha sonra isə bunu şəxsi qazanc əldə etmək üçün dəyişdirdiyini iddia edib.

"OpenAI" isə Maskın bütün iddialarını rədd edərək, kommersiya məqsədli struktur yaratmaq planlarından onun hər zaman xəbərdar olduğunu bildirib.

Şirkət vəkilləri Maskın 2018-ci ildə "OpenAI"ı ələ keçirməyə yönəlmiş uğursuz bir cəhd etdiyini və qısa müddət sonra şirkətdən ayrıldığını xatırladaraq, bu iddianın qısqanclıq zəminində qaldırıldığını müdafiə ediblər.

"OpenAI" həmçinin şirkətin hələ də qeyri-kommersiya təşkilatı tərəfindən idarə olunduğunu və texnologiyası ilə dünyaya kömək etmək missiyasına sadiq qaldığını dəfələrlə dilə gətirib.

Məhkəmədə şirkətin quruluş hekayəsinə və tərəflərin kommersiya planlarından nə zaman xəbərdar olduqlarına dair bir mənzərə yaratmaq üçün həm köhnə, həm də yeni "OpenAI" rəhbərləri, eləcə də qeyri-kommersiya təşkilatı hüququ üzrə ekspertlər şahidlik ediblər.

Hər iki tərəfin vəkilləri məhkəməyə çox sayda şəxsi mesaj, e-poçt və daxili yazışmalar təqdim ediblər.

Münsiflər heyəti işdəki məsuliyyət məsələsində qərarını verərkən, Maskın xeyrinə bir qərar çıxacağı təqdirdə "OpenAI"ın qarşılaşacağı sanksiyaları müəyyən etmək səlahiyyəti hakim Rocersdə idi.

Bazar ertəsi günü başlanması planlaşdırılan sanksiyalar hissəsi münsiflər heyətinin bəraət qərarı doğrultusunda ləğv edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu