Ebolaya qarşı üç yeni pevənd hazırlanma mərhələsindədir
Ebola virusunun təxminən 250 nəfərin ölümünə səbəb olan nadir bir növü ilə mübarizə məqsədilə üç yeni pevəndin hazırlandığı açıqlanıb.
AFN.az xəbər verir ki, pevənd araşdırmalarından birini həyata keçirən Beynəlxalq QİÇS Pevəndi Təşəbbüsü (IAVI) mövcud epidemiyanın tarixdəki ən pis epidemiyaya çevrilmə riski daşıdığını bəyan edib.
Oksford Universiteti və "Moderna" əczaçılıq şirkəti də virusun "Bundibugyo" növünə qarşı pevənd tədqiqatlarını davam etdirir.
Araşdırmalara maliyyə dəstəyi verən Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) isə zamana qarşı yarışdıqlarını vurğulayıb.
Demokratik Konqo Respublikasında şübhəli yoluxma hallarının sayı mini keçərkən, qonşu ölkə Uqandada da dəqiqləşdirilmiş doqquz yoluxma qeydə alınıb.
Münaqişə zonasında ortaya çıxan və səhiyyə infrastrukturunun yetərsizliyi ucbatından yayıldıqdan sonra fərqinə varılan epidemiyanın, 2014-2016-cı illərdə Qərbi Afrikada baş verən və 11 mindən çox insanın ölümü ilə nəticələnən tarixin ən böyük Ebola epidemiyası miqyasına çatmasından qorxulur.
IAVI sədri doktor Mark Feynberq vəziyyətin ən azı həmin dövrdəki qədər ciddi, hətta daha pis bir həddə çatması təhlükəsinin olduğunu, bu səbəbdən pevənd və digər tədbirlərin hazırlanmasının prioritet təşkil etdiyini bildirib.
"Sərhədsiz Həkimlər" (MSF) təşkilatı da vəziyyətin son dərəcə narahatlıq doğurduğunu və daha əvvəl bu qədər qısa müddətdə bu qədər yüksək yoluxma sayı ilə qarşılaşmadıqlarını bəyan edib.
Ebola virusunun məlum altı növündən üçü epidemiyaya səbəb olur və hər növ üçün ayrıca pevənd hazırlanmalıdır.
Ən geniş yayılmış növ olan "Zaire" üçün təsdiqlənmiş pevənd olsa da, mövcud epidemiyaya yol açan "Bundibugyo" növünə qarşı hələlik lisenziyalı pevənd mövcud deyil.
IAVI mövcud "Zaire" pevəndini "Bundibugyo" növünə qarşı modifikasiya etmək üçün çalışır.
Meymunlar üzərində sınaqdan keçirilən eksperimental pevəndin immunitet sistemini sürətlə hərəkətə gətirdiyi və tam qorumaya yaxın nəticə verdiyi bildirilib.
Feynberq mövcud məlumatlar işığında nikbin olduqlarını, lakin pevəndin klinik sınaqlara hazır vəziyyətə gəlməsinin normal şərtlərdə yeddi ilə doqquz ay çəkəcəyini, bu müddəti tezləşdirməyə çalışdıqlarını ifadə edib.
"Moderna" isə koronavirus epidemiyasında istifadə edilən mRNA texnologiyasını bu dəfə "Bundibugyo" növü üçün işə saldığını elan edib.
"Moderna"nın baş icraçı direktoru Stefan Bansel ehtiyacı olan cəmiyyətlərə pevəndi çatdırmaq üçün elmi dəqiqliklə və sürətlə hərəkət etdiklərini açıqlayıb.
Oksford Universiteti də bənzər şəkildə COVID-19 dövründə həyat qurtaran öz pevənd texnologiyasından istifadə edərək yeni Ebola pevəndi üzərində işlədiyini və bu pevəndin iki-üç ay ərzində klinik sınaqlara hazır ola biləcəyini bəyan edib.
Hazırlanan hər üç pevənd də orqanizmə virusun səthindəki "Bundibugyo qlikoproteini" adlı strukturu tanıtmağı hədəfləyir, lakin bunu fərqli üsullarla edir.
IAVI genetikası dəyişdirilmiş və zərərsizləşdirilmiş canlı virusdan istifadə edərək immunitet sistemini öyrədir.
mRNA və Oksford pevəndləri isə orqanizmə genetik kod ötürərək bu zülalın bədən daxilində istehsal olunmasını və immunitet sisteminin bu yad struktura qarşı müdafiə mexanizmi hazırlamasını təmin edir.
Texnologiyalar arasındakı bu fərqlərin qorunma səviyyəsinə və tələb olunan doza sayına necə təsir göstərəcəyi aparılacaq klinik sınaqlardan sonra aydınlaşacaq.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus hazırlanacaq "Bundibugyo" pevəndinin həm mövcud epidemiyanı nəzarət altına almağa, həm də gələcəkdəki epidemiyalara qarşı hazırlıqlı olmağa böyük töhfə verəcəyini ifadə edib.
