Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı



Sidneyin tanınmış akademiklərindən biri tələbələri əmək sərf etməyə və texnologiyadan istifadə edərək asan yola qaçmamağa çağırdığı köşə yazısını süni intellekt vasitəsilə qələmə alıb.

AFN.az xəbər verir ki, bu hadisədən sonra "Sydney Morning Herald" qəzeti qəbuledilməz olaraq xarakterizə etdiyi məqaləni internet saytından çıxarıb.

Qərb Sidney Universitetinin prorektoru professor Ket Ellis tərəfindən yazılan məqalə ötən ay akademik Kayli Mur-Gilbertin bir yazısına cavab olaraq dərc edilmişdi.

Mur-Gilbert tələbələrin öyrənmə proseslərini süni intellektə həvalə etdiklərini bildirərək, ögey qızına universitetə daxil olmazdan əvvəl iki dəfə düşünməyi tövsiyə etdiyini yazmış və tələbələrin ən yaxşı süni intellekt əmrini kimin yaza biləcəyinə görə qiymətləndirildiyini irəli sürmüşdü.

Ellis isə bu yazıya cavab olaraq qələmə aldığı məqalədə süni intellekt probleminin real olduğunu qəbul etməklə yanaşı, tələbələrin hər şəkildə universitetə getməli və normal təhsil almalı olduqlarını müdafiə etmişdi.

Ellis yazısında "Asan yola qaçmayın, nə qədər cəlbedici olsa da, düşünməyi başqasına həvalə etməyin, əgər sistem bəzilərinin iddia etdiyi qədər kövrəkdirsə, o zaman real əmək gizli qalmayacaq, ön plana çıxacaq" ifadələrinə yer vermişdi.

Lakin sözügedən köşə yazısı "Pangram" adlı süni intellekt aşkarlama xidməti ilə yoxlanıldıqda mətnin süni intellekt tərəfindən hazırlandığı nəticəsi ortaya çıxıb.

"Guardian Australia" nəşrinin suallarını cavablandıran universitet rəsmiləri Ellisin köşə yazısını yazarkən süni intellektdən istifadə etdiyini təsdiqləyiblər.

Universitetin sözçüsü professor Ellisin məqaləni yazmaq üçün özünə məxsus olan 40 min sözdən ibarət orijinal materialı "Copilot" adlı Böyük Dil Modelinə (LLM) yüklədiyini açıqlayıb.

Sözçü modelin bu geniş məlumat bazasını ümumiləşdirərək qaralamalar üçün zəmin yaratdığını və bu qaralamaların Ellisin bu sahədə on ildən artıq apardığı tədqiqatlara əsaslanan öz düşüncə, ideya və fikirlərini əks etdirdiyini bildirib.

Böyük dil modellərinin bu şəkildə istifadəsinin generativ süni intellektin təkmilləşdirilmiş və uyğun bir istifadəsi olduğunu müdafiə edən sözçü "Pangram kimi proqramlar süni intellekt istifadəsini aşkarlaya bilər, lakin bu istifadənin etik cəhətdən uyğun olub-olmadığını müəyyən edə bilməz, universitet bu hadisədə süni intellekt istifadəsinin tamamilə uyğun olduğuna inanır" deyib.

Çərşənbə günü səhər saatlarına olan məlumata görə, Ellisin köşə yazısında generativ süni intellektdən istifadə edildiyinə dair hər hansı bir bəyanat yer almırdı.

"Sydney Morning Herald"ın ana şirkəti olan "Nine"ın yayım prinsipləri müəlliflərin ilkin araşdırma və ideya toplama mərhələlərində süni intellektdən yararlanmalarına icazə verir, lakin bura "Dərc olunacaq xəbərlərin yazılmasında süni intellektdən istifadə edilməyəcək" maddəsi daxildir.

Qaydalar süni intellekt tərəfindən yaradılan materialların dərc ediləcəyi təqdirdə bunun aydın şəkildə qeyd olunmasını tələb edir, lakin köməkçi süni intellekt istifadəsinin bəyan edilməsini məcburi hesab etmir.

Mövzu ilə bağlı sualları cavablandırmayan qəzetin redaktoru Cordan Beyker çərşənbə günü dərc olunan növbəti xəbərdə məqalənin yayım prinsiplərinə uyğun gəlmədiyini və bu səbəbdən silindiyini bəyan edib.

Beyker "Nə müəllif, nə də Qərb Sidney Universiteti məqalənin tərtib edilməsində süni intellektdən istifadə olunduğu barədə qəzetə məlumat verməyib, bu vəziyyət açıq şəkildə qəbuledilməzdir və biz məsələni daha dərindən araşdırırıq" ifadələrini işlədib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu