İran Hörmüzdən keçmək istəyən gəmilərlə bağlı şərtləri açıqladı
İranın yaratdığı Bəsrə Körfəzi Su Yolu İdarəsi (PGSA) ABŞ ilə İran arasında əldə olunmuş razılaşma və rəsmi direktivlər çərçivəsində müraciət edən gəmilərin 60 günlük müddət ərzində Hörmüz boğazından keçidlərinə icazə veriləcəyini bəyan edib.
AFN.az xəbər verir ki, PGSA-nın "X" hesabından Hörmüz boğazından keçidlərlə bağlı edilən paylaşımda ABŞ ilə əldə olunmuş razılaşmanın imzalanması və rəsmilər tərəfindən verilən təlimatlara əsasən Hörmüz boğazından istifadə etmək istəyən bütün müraciətçilərə 60 günlük müddət ərzində keçid icazəsinin veriləcəyi bildirilib.
Müraciətlərin yeganə rəsmi ünvan olan "psga.ir" internet saytı və "info@psga.ir" elektron poçtu vasitəsilə həyata keçirilməli olduğu qeyd edilən açıqlamada keçid etmək istəyən gəmilərə aid etibarlı və əlçatan məlumatların təqdim edilməsinin vacibliyi vurğulanıb.
Hörmüz boğazının giriş və çıxışında gecikmələrin qarşısını almaq üçün lazımi məlumatları ehtiva edən keçid tələbləri gəmilər boğaz zonasına çatmazdan ən azı 48 saat əvvəl göndərilməlidir.
ABŞ ilə əldə olunmuş razılaşmanın imzalanmasından sonrakı 60 günlük müddət ərzində təhlükəsizlik, mühafizə və ekoloji xidmətlərlə bağlı gəmi sahiblərindən heç bir ödəniş tələb olunmayacaq və sözügedən xərclərə görə İran hökuməti məsuliyyət daşıyacaq.
Keçid marşrutunda bəzi təhlükəsizlik risklərinin mövcudluğu, təhlükəsiz hərəkətin təmin edilməsi və dəniz qəzalarının qarşısının alınması kimi məsələlərə görə boğaza doğru hərəkət etməzdən əvvəl hər bir gəminin marşrutunun və planlaşdırılan keçid vaxtının koordinasiya edilməsi şərt qoyulub, həmçinin bu qaydaya əməl olunmayacağı təqdirdə məsuliyyətin tamamilə gəmi sahiblərinin üzərinə düşəcəyi xatırladılıb.
