Yazgül Abdıyevanın müəllifliyi ilə yeni dərs vəsaitinin təqdimatı keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Oftalmologiya kafedrasında tibb elmləri doktoru, həkim-oftalmoloq, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri Yazgül Abdıyevanın müəllifi olduğu "Konyunktivitlərin Klinikası, Differensial Diaqnostikası və Müalicəsində Müasir Yanaşma" adlı dərs vəsaitinin təqdimatı keçirilib.
AFN.az xəbər verir ki, nəşrin elmi rəyçiləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Elmar Qasımov və Ə. Əliyeva adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, tibb elmləri doktoru Nigar Qurbanovadır.
Yazgül Abdıyeva bildirib ki, dərs vəsaitinin əsas məqsədi konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsinə dair elmi-praktik bilikləri sistemləşdirərək tələbələr, rezidentlər və həkim-oftalmoloqlar üçün faydalı mənbə təqdim etməkdir.
Təqdimat zamanı kitab iştirakçılara hədiyyə edilib. Tədbir çərçivəsində nəşr ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Müəllif həmçinin ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinura tədbirin təşkilinə və elmi müzakirələr üçün yaradılan şəraitə görə təşəkkürünü ifadə edib.
Qeyd olunub ki, təqdimatda Aysel Qəlbinur, Hafiz Qəhrəmanov, Aybəniz Abdullayeva, Vəfa Nəsirova, Rəhman Allahverdiyev, Solmaz Əliyeva və digər mütəxəssislər çıxış edərək yeni nəşr barədə fikirlərini bölüşüb, müəllifi təbrik edib və kitabla bağlı təkliflərini səsləndiriblər.
Yazgül Abdıyeva kitabın oftalmologiya sahəsində çalışan mütəxəssislər və gələcək həkimlər üçün faydalı elmi-praktik vəsait olacağına ümid etdiyini bildirib.


