İtaliyada Etna vulkanının kül püskürməsi hava nəqliyyatında fasilələrə səbəb olub
İtaliyanın Siciliya adasındakı aktiv Etna vulkanının güclü şəkildə kül püskürməsi hava nəqliyyatında fasilələrə yol açıb.
AFN.az xəbər verir ki, Etnanın zirvəsindəki "Voragine" kraterində iyunun 26-da açılan yarıqdan sonra dünən intensiv kül püskürmə fəaliyyətinin müşahidə olunduğu vulkanda aktivlik bu gün də davam edib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Etna Rəsədxanasından vulkandakı hərəkətliliklə bağlı verilən açıqlamada Etnada ümumiyyətlə orta şiddətli, fasiləli və ritmik vulkanik partlayış növü olan "Stromboli aktivliyi"nin davam etdiyi bildirilib.
Açıqlamada vulkanın püskürtdüyü intensiv kül səbəbindən bölgədən keçən təyyarəçilər üçün "qırmızı" kodlu xəbərdarlıq edildiyi ifadə olunub.
Kataniya Beynəlxalq Vinçenzo Bellini (Fontanarossa) Hava Limanının internet saytından verilən açıqlamada Etnada dünəndən bəri intensiv şəkildə davam edən kül püskürməsi səbəbindən Kataniyaya eniş etməli olan bütün uçuşların dayandırıldığı, həmçinin Kataniyadan qalxan reyslərin də yerli vaxtla saat 14:00-a qədər təxirə salındığı qeyd edilib.
Açıqlamada həmçinin sərnişinlərdən hava limanına gəlməzdən əvvəl uçuşlarının statusunu aviaşirkətlə dəqiqləşdirmələri istənilib.
Bu arada Etnanın güclü şəkildə püskürtdüyü küllər səbəbindən vulkanın ətrafındakı yaşayış məntəqələrində vulkanik kül yağışlarının yağdığı qeydə alınıb.
Kontinental Avropanın ən yüksək aktiv vulkanı xüsusiyyətinə malik olan Siciliya adasındakı Etna vulkanında, xüsusilə də "Voragine" kraterində son günlər kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlər müşahidə olunmaqdadır.
