Aİ ölkələrində meşə yanğınları 435 min hektara yaxın ərazini məhv edib



Avropa İttifaqı (Aİ) ölkələrində bu ilin əvvəlindən bəri baş verən meşə yanğınları nəticəsində məhv olan ərazilərin sahəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz artaraq 434 min 976 hektara çatıb.

AFN.az xəbər verir ki, bunu Avropa Meşə Yanğınları Məlumat Sistemi (EFFIS) açıqlayıb.

Qlobal iqlim dəyişikliyi fonunda Avropa başda olmaqla dünyanın bir çox bölgəsində müşahidə olunan ekstremal istilər, əsasən insan amili ilə baş verən meşə yanğınlarının daha geniş ərazilərə yayılmasına səbəb olur.

EFFIS-in məlumatlarına əsasən, Avropada xüsusilə iyul ayında havaların həddindən artıq isti keçməsi yanğınların sayının sürətlə artmasına və böyük ərazi itkilərinə gətirib çıxarıb.

İyulun 29-na olan məlumata görə, Aİ ölkələrində bu il yanan ərazilərin ümumi sahəsi 434 min 976 hektar təşkil edib. Təxminən 4350 kvadratkilometr olan bu ərazi Lüksemburqun sahəsindən 1,7 dəfə, Maltanın isə təxminən 14 dəfə böyükdür.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Aİ ölkələrində 346 min 836 hektar ərazi yanmışdı. Beləliklə, bu il qeydə alınan göstərici ötən ilin analoji dövrünü 25 faiz üstələyib.

Bu ilin göstəricisi, həmçinin 2006–2025-ci illər üzrə eyni tarix üçün hesablanan 172 min 186 hektarlıq orta göstəricidən təxminən 2,5 dəfə çoxdur.

İlin əvvəlindən iyulun 29-dək Aİ ölkələrində baş verən meşə yanğınlarının sayı 1407-yə çatıb ki, bu da uzunmüddətli orta göstəricidən iki dəfədən artıqdır.

Ən böyük itki İspaniyada qeydə alınıb. Bu ölkədə ilin əvvəlindən iyulun 29-dək 208 min 420 hektar meşə sahəsi yanıb. Bu, Aİ-də eyni dövrdə məhv olan ümumi ərazinin təxminən yarısını təşkil edir. İspaniyada bu il 376 meşə yanğını baş verib və yanğınların sayı ötən illə müqayisədə üç dəfə artıb.

Fransada eyni dövrdə 91 min 24 hektar, İtaliyada 69 min 414 hektar, Portuqaliyada 39 min 801 hektar, Rumıniyada 11 min 957 hektar, Yunanıstanda 5 min 696 hektar, Xorvatiyada 3 min 318 hektar, İrlandiyada 2 min 450 hektar, Almaniyada 2 min 170 hektar, Polşada isə 1 458 hektar meşə sahəsi yanıb.

Meşə yanğınlarından yaranan digər itkilər isə Aİ-nin qalan üzv ölkələrinin payına düşür.

EFFIS-in məlumatına görə, 2025-ci ildə Aİ ölkələrində ümumilikdə 1 milyon 79 min hektar ərazi yanmışdı ki, bu da 2006-cı ildən bəri qeydə alınan ən yüksək illik göstərici olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu