Brent neftinin bir bareli 83,10 dollardan satılır
Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarlarında 83,10 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 83,77 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçers kontraktı günü 82,49 dollardan başa vurub.
Brent neftinin bir barelinin qiyməti bu gün saat 10:30-a olan məlumata görə əvvəlki bağlanış qiyməti ilə müqayisədə 0,74 faiz artaraq 83,10 dollar təşkil edib.
Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin sentyabr fyuçers kontraktının bir barelinin qiyməti də 77,60 dollar olaraq müəyyənləşib.
Neft qiymətlərinin yüksəlməsində Hörmüz boğazında dəniz nəqliyyatının normallaşması ilə bağlı qeyri-müəyyənliklərin Yaxın Şərqdən qaynaqlanan tədarük narahatlıqlarını artırması təsirli olub.
ABŞ rəsmilərinin Yaxın Şərqdə gərginliyi azaltmağa imkan verəcək razılaşmanın əldə olunacağı ilə bağlı açıqlamalarına baxmayaraq, həftənin sonunda bu istiqamətdə hələ konkret irəliləyişin olmaması investorların mümkün yeni hücumlarla bağlı narahatlığını artırır.
ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqların yaxşı getdiyini və tezliklə razılaşmanın əldə oluna biləcəyini bildirərək "Müharibə bitən kimi benzin qiymətləri düşəcək və məncə, bu, çox yaxın zamanda baş verəcək. (İranın) daha çox davam gətirə biləcəyini düşünmürəm" deyib.
Danışıqları yaxından izlədiyini və özünün də prosesə cəlb olunduğunu bildirən Tramp razılaşmanın nə vaxt imzalanacağı ilə bağlı suala belə cavab verib: "Məncə, işlər çox yaxşı gedir. Mən də danışıqlarda iştirak edirəm. Məncə, hər şey çox yaxşı gedir. (Razılaşma) Tezliklə baş verə bilər".
Tramp danışıqların Hörmüz boğazı ilə bağlı hissəsində İranla razılaşmanın yekunlaşmaq üzrə olduğu barədə xəbərləri də şərh edib. O, bu məsələ ilə bağlı Tehranla tam razılığa gəldiklərini hələ deyə bilməyəcəyini, lakin prosesin davam etdiyini bildirib.
Tramp ABŞ-ın boğazı blokada yolu ilə nəzarətdə saxladığını iddia etsə də, İranın boğazdan keçən gəmilərə atəş aça biləcəyini və ya dəniz minalarının tankerlərə çarpa biləcəyini söyləyib.
Digər tərəfdən, İran parlamentindəki bir komitənin ABŞ, İsrail və digər "düşmən" kimi qiymətləndirilən ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsinin qarşısını alacaq qanun layihəsini nəzərdən keçirdiyinə dair xəbərlər də neft qiymətlərinin yüksəlməsinə təsir göstərib.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də Oman ilə Hörmüz boğazı ilə bağlı aparılan danışıqlar nəticəsində ortaya çıxan razılaşmanın son mərhələsinə yaxınlaşıldığını açıqlayıb.
Razılaşmanın Hörmüz boğazının tamamilə açılması anlamına gəlmədiyini bildirən Qəribabadi "Hörmüz boğazından keçən yeni marşrut müvəqqətidir, lakin 2-4 ay və ya daha uzun müddət qüvvədə qala bilər. Omanla razılığa gəldikdən sonra ikinci mərhələyə keçmək üçün yeni qərara ehtiyacımız var" deyib.
Brent neftində texniki baxımdan 83,48 dollar müqavimət, 82,26 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.
