Süni intellektə güvənən fermer məhsulunu itirdi



Çində bir fermer süni intellekt tətbiqinin verdiyi kənd təsərrüfatı dərmanı tövsiyəsinə əməl etməsi nəticəsində təxminən 10 hektarlıq sahəsindəki məhsulun quruduğunu açıqlayıb.

AFN.az xəbər verir ki, Anhui əyalətinin Çuçjou şəhərində yaşayan 67 yaşlı fermerin gübrələmədən əkin təqviminin planlaşdırılmasına qədər bir çox məsələdə təxminən bir ildir süni intellekt proqramından istifadə etdiyi bildirilib.

Küncüt tarlasında alaq otları və zərərvericilərlə mübarizə üçün ən yaxşı üsulla bağlı süni intellektdən məsləhət alan fermer təqdim edilən resepti digər mənbələrdən təsdiqləmədən tətbiq edib.

Tövsiyə edilən dərmanın istifadəsi nəticəsində tarladakı bütün cücərtilər quruyub.

Kənd təsərrüfatı mütəxəssisləri problemin flufenacet adlı alaq dərmanından qaynaqlandığını bildiriblər.

Mütəxəssislər sözügedən aktiv maddənin hədəfli şəkildə istifadə edilməməsi halında küncüt tarlalarına zərər verə biləcəyinə diqqət çəkiblər.

Süni intellekt tətbiqinin ekranında “Süni intellekt məzmunu səhv ola bilər, zəhmət olmasa yoxlayın” xəbərdarlığının yer aldığı bildirilib.

Süni intellekt tətbiqlərinin təqdim etdiyi məlumatların yoxlanılmaması daha əvvəl də sağlamlıq problemlərinə səbəb olub.

Ötən il bir istifadəçi süfrə duzunun azaldılması ilə bağlı tövsiyə əsasında süni intellektin yönləndirməsi ilə qidalarına natrium bromid əlavə edib.

Üç ay ərzində bu kimyəvi maddəni qəbul edən şəxs brom zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib və psixoz müalicəsi alıb.

Annals of Internal Medicine jurnalında dərc edilən araşdırmada süni intellekt tətbiqlərinin elmi baxımdan səhv məlumatlar yarada və informasiya çirklənməsinə səbəb ola biləcəyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu