Cənubi Koreya ordusu süni intellekt və robot texnologiyalarına yönəlir



Cənubi Koreyada ordunun ölkə əhalisinin azalması ilə əlaqədar şəxsi heyətin sayının da azalması səbəbilə, xüsusilə texniki xidmət və logistika sahələrində süni intellektə, robotlara və avtonom sistemlərə daha çox yönəldiyi bildirilib.

AFN.az xəbər verir ki, “Korea Herald” qəzetinin xəbərində Cənubi Koreya Quru Qoşunları Komandanlığının ağıllı səhra texniki xidmət dəstək sistemi çərçivəsində avtomatlaşdırılmış sistemlər vasitəsilə əsas texniki xidmət əməliyyatlarının transformasiyası ilə bağlı araşdırma apardığı bildirilib.

Bu araşdırmanın Quru Qoşunlarının genişmiqyaslı modernləşdirmə təşəbbüsü olan ArmyTiger-in logistika komponenti ArmyTiger L-in bir hissəsi olduğuna diqqət çəkilən xəbərdə işlərin dil modelləri və maşın öyrənməsindən istifadə edilməklə süni intellekt dəstəkli proqnozlaşdırıcı texniki xidmət, avtomatlaşdırılmış texniki xidmət məlumatlarının idarə edilməsi və texniki xidmət robotlarını əhatə edəcəyi bildirilib.

Həmçinin ordunun avtonom anbar-logistika əməliyyatları üçün avtomatlaşdırılmış saxlama və daşıma sistemlərini, pilotsuz uçuş aparatları ilə çatdırılmanı, avtonom nəqliyyat vasitələrini və paletli yük sistemlərini də qiymətləndirəcəyi vurğulanan xəbərdə bəzi sistemlərin artıq sınaqdan keçirildiyi qeyd edilib.

Xəbərdə ordunun ölkədə əhalinin azalması ilə əlaqədar şəxsi heyətin sayının azalması səbəbilə belə bir istiqamətə yönəldiyinə diqqət çəkilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu