İnsanlara oturmağa yer yoxdur, amma bu tikiliyə icazə verdilər - ŞİKAYƏT+FOTOLAR
Nizami rayonu, Şirin Mirzəyev 68A və 76A binalarının sakinləri həyətdəki yarıtikili obyektə görə narazılıq edirlər.
AFN.az xəbər verir ki, 68A binasının sakini Şahbaz Şahbazov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin binaların kiçik və məhdud həyətində yerləşən özbaşına, sənədsiz yarıtikiliyə sərəncam verdiyini bildirib. Sakinlərin iddiasına görə, qərar təhlil edilmədən və əsaslandırılmadan qəbul olunub. Şikayətçi qeyd edib ki, iki binanın arasında dar keçiddə və yaşayış binalarının 5-6 metrliyində yerləşən obyektə sənəd verilməsi Prezidentin fərmanının tələblərinə ziddir. Çünki ərazidə sakinlərin istirahəti və avtomobillərin hərəkəti üçün şərait yoxdur.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Şirin Mirzəyev küçəsi, 194G ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismara verilməsinin Prezidentin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına zidd olması barədə iddialar əsassızdır.
Qurumdan qeyd olunub ki, sözügedən tikilinin istismarına 09.02.2026-cı il tarixində icazə verilib və icraat zamanı obyektin mərtəbələri, xarici divarları və dam örtüyü tamamlanmış vəziyyətdə olub. Hazırda təmir işləri aparıldığı üçün dam örtüyünün müvəqqəti söküldüyü, belə icazələrin isə aidiyyəti dövlət qurumlarının qiymətləndirməsi əsasında verildiyi vurğulanıb.
Qafqazinfo





