İsveçdə seçki nəticələri ilə bağlı rekord sayda etiraz edilib



İsveçdə parlament, regional və yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin nəticələri ilə bağlı təxminən 15 min müraciət daxil olub.

AFN.az xəbər verir ki, bu barədə İsveç Seçki Komissiyasının məlumatlarına istinadən ölkə mediası yazıb.

Müraciətlərin sayı əvvəlki seçkilərlə müqayisədə kəskin artıb. 2022-ci il seçkilərindən sonra 400, 2018-ci ildə isə 700 müraciət daxil olmuşdu.

Son illərdə sosial şəbəkələrdə seçkilərdə saxtakarlıqla bağlı müzakirələri izləyən Linney Universitetinin siyasi elmlər üzrə müəllimi Emma Riknell bu səviyyədə aktivlik və internetdə səfərbərliklə daha əvvəl qarşılaşmadığını bildirib.

Seçki nəticələrinə yenidən baxılması üzrə komissiyanın sədri Svante Yuhansson isə müraciətlərin sayının niyə bu qədər artdığını hələlik müəyyənləşdirə bilmədiklərini deyib. Onun sözlərinə görə, müraciətlərin bir çoxunda konkret səbəb göstərilmir, bəzilərində isə yalnız “korrupsiya” ifadəsi qeyd olunur.

Yuhansson bildirib ki, hadisənin harada və necə baş verdiyi göstərilmədiyi halda belə müraciətlər əsasında araşdırma aparmaq mümkün deyil.

Qeyd edək ki, sentyabrın 13-də keçirilən seçkilərin yekun nəticələrinə əsasən, Sosial Demokratlar, Sol Partiya, Yaşıllar və Mərkəz Partiyasından ibarət blok 176 mandat əldə edib. Sağ mərkəzçi ittifaqı təşkil edən partiyalar isə 173 mandat qazanıb. Blokların səs payı müvafiq olaraq 49,5 və 48,9 faiz təşkil edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu