ABŞ Litvaya “Switchblade 600” zərbə dronları göndərib
ABŞ Litvaya “Switchblade 600” zərbə pilotsuz uçuş aparatlarının ilk partiyasını göndərib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, yeni silahlar ölkə ordusuna zirehli texnikaya qarşı mübarizə aparmaq üçün əlavə imkanlar verəcək, çəkindirmə qabiliyyətini və təhlükəsizliyi gücləndirəcək.
Tədarük edilən dronların sayı açıqlanmayıb. “Switchblade 600” sistemlərini Litvaya ABŞ-ın “AeroVironment” şirkəti tədarük edir.
Litva “Switchblade 600” dronları ilə yanaşı, onların buraxılışı və idarə olunması üçün avadanlıq, şəxsi heyətin hazırlanması üçün simulyator və texniki xidmət paketləri də əldə edir. Nazirliyin məlumatına görə, bu dronlar 40 dəqiqəyədək havada qala və ağır zirehli texnikanı, o cümlədən tankları məhv etmək üçün nəzərdə tutulan döyüş başlığından istifadə edə bilir.
Son üç il ərzində Litva ABŞ-dan təxminən 2 milyard avro dəyərində silah və hərbi texnika alıb. Bu göstərici ölkəni Baltikyanı dövlətlər arasında ABŞ silahlarının ən böyük alıcısına çevirib.


