Fransanın nüvə raketi sınağı Rusiya ilə gərginliyi artırıb
Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını müdafiə siyasətini Rusiya ilə qarşıdurma üzərində quran və çıxılmaz yola aparan strategiya kimi qiymətləndirib.
AFN.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Bretan sahilləri yaxınlığında həyata keçirilən sualtı qayıqdan buraxılan ballistik raket sınağından sonra verdiyi açıqlamada sınağın birbaşa Rusiyanı hədəf aldığını bildirməsə də, verilən mesajın çatdırılmalı olduğu yerə yüksək və aydın şəkildə çatdırıldığını ifadə edib.
Sözügedən raket sınağı Ukraynadakı müharibə və Avropa ərazilərində artan hibrid hücumlar səbəbindən Moskva ilə Qərb arasındakı gərginliyin yüksəldiyi bir vaxtda həyata keçirilib.
Kremlin sözçüsü Dmitri Peskov Fransanın addımına reaksiya verərək, Avropanın müdafiə və təhlükəsizlik sahəsindəki kimliyini Rusiya Federasiyası ilə qarşıdurma təməli üzərində qurduğunu bildirib.
Peskov bu yanaşmanın çıxılmaz yol olduğunu və tarixin göstərdiyi kimi, bunun yaxşı nəticəyə gətirib çıxarmayacağını deyib.
Digər tərəfdən, paytaxt Kiyevdə gecə saatlarında həyata keçirilən intensiv Rusiya raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində iki nəfər həyatını itirib. Bölgə sakinləri partlayış səslərindən sonra metro stansiyalarına sığınıblar.
