ASCO-da 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib




“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.



Mərasim Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra çıxış edən ASCO-nun sədri Rauf Vəliyev 29 il əvvəl dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsinin tariximizə ən faciəli günlərdən biri kimi, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib.

Rauf Vəliyev başımıza gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Ulu öndər Heydər Əliyevin atdığı qətiyyətli addımlardan da ətraflı söz açıb. Diqqətə çatdırıb ki, Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirib, qoşunların Bakıdan çıxarılmasını tələb edib.

Rauf Vəliyev Prezident İlham Əliyevin də Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb.

Gəmiçiliyin rəhbəri onu da qeyd edib ki, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da hər zaman diqqət mərkəzindədir.

Rauf Vəliyev xalqımız üçün o ağır günlərdə dənizçilərin göstərdiyi fədakarlıq və qəhrəmanlıqlardan da danışıb. Bildirib ki, dənizçilər sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gərməyi, birlik nümayiş etdirməyi bacarıblar. Həyatlarını riskə atıb, Vətən uğrunda ölümlərini gözə alıblar.

Sədr əlavə edib ki, ASCO-da mütəmadi olaraq 20 Yanvar hadisələrinə işıq salmaq, tariximizi qorumaq, dənizçilərin qəhrəmanlıqlarını gənc nəslə çatdırımaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Rauf Vəliyev onu da deyib ki, hər il ənənəvi olaraq 20 yanvar tarixində saat 12:00-da Bakı buxtasındakı gəmilər şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi fasiləsiz fit səsi ilə anım dəqiqəsinə qoşulurlar.

Daha sonra hadisələrin canlı şahidləri veteran dənizçilər Muxtar Axundov və Kərəm Məmmədov çıxış ediblər. Onlar hadisəni dünya ictimaiyyətinə çatdırmağa, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan həmkarlarının şücaətindən və qəhrəmanlığından danışıblar. Bildiriblər ki, o günlər dənizçilər bütün dünyanın diqqətini Bakıdakı qanlı faciəyə yönəltmək üçün gəmilərimizdən hər saat “SOS” siqnalı veriblər, Bakı buxtasında imperiya ordusu ilə qeyri-bərabər mübarizəyə qalxıblar. Hadisə şahidləri vurğulayıblar ki, həmin dövrdə Azərbaycan dənizçiləri bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq bir addım belə geri çəkilməyiblər. Dənizçilərimiz geri çəkilmədiyindən hərbçilər mülki gəmilərimizi müxtəlif silahlardan atəşə tutublar. Həmin atəş izləri hələ də bəzi gəmilərin üzərində durur.

Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar faciəsi günlərində böyük şücaət göstərən və xalqımızın haqq səsini öz həmkarlarının köməyi ilə dünya ictimaiyyətinə çatdıran “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dənizçilərinin qəhrəmanlığına həsr olunan “Azadlıqla bitən SOS” sənədli filminə baxıblar.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu