Rövşən Rzayev qaçqın və məcburi köçkünləri qəbul edib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti qəbul keçirilib.
Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri qəbul ediblər. Qəbula gələnlərin əksəriyyəti məcburi köçkünlər olub. Onlar, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin verilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Dövlət komitəsinin sədri və digər səlahiyyətli şəxslər vətəndaşları fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyiblər. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib.
Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.