Kadastrla bağlı xidmət haqqını və dövlət rüsumunu əvvəlcədən öyrənmək imkanı- “Kadastr kalkulyatoru”
Vətəndaşlar kadastrla bağlı xidmətlərə müraciət etməzdən öncə dövlət rüsumu və xidmət haqqının miqdarını öyrənə bilər. Bu Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən biri olan “Kadastr kalkulyatoru” ilə mümkündür. İnformativ xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər onlayn qaydada dövlət rüsumu və xidmət haqqını hesablaya bilir.
Bu elektron xidmət istifadəçiyə “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi” və “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqı və dövlət rüsumunu öyrənmək imkanı verir. Vətəndaşın öncədən kadastr xidmətləri ilə bağlı qanunvericiliyə uyğun olaraq ödəyəcəyi məbləğlə tanış olması prosesdə şəffaflığı artırır, şəxsi seçiminə uyğun daha düzgün qərarı verməsini təmin edir.
Xidmətdən istifadə etmək istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 40-cı elektron xidmət olan “Kadastr kalkulyatoru” bölməsinə daxil ola bilər. Sadə formada istifadəyə uyğun olan elektron xidmət sahəsindən “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi” və ya “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” bölməsi seçilir. Xidmətlərdən istifadə üçün əmlakın yerləşdiyi şəhər və rayonu, torpağın sahəsi və kateqoriyası, ehtimal edilən nöqtələrin və parsellərin sayı daxil edilir. Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi ilə bağlı elektron xidmətdən istifadə üçün daşınmaz əmlakın növü, tərtib olunan plan və ya xəritənin sayı da qeyd olunur. İstifadəçi öz istəyinə uyğun xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərdə çevikliyə və məmnunluğa yönələn belə üstünlüklər fəaliyyətdə səmərəliliyi artırır, vətəndaşların xidmətlərdən rahatlıqla istifadəsinə şərait yaradır.