Baş infeksionist Azərbaycanda qızılca ilə bağlı son vəziyyəti açıqlayıb
“Azərbaycanda qızılca xəstəliyinə yoluxanların hamısı sağalıb”.
Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
O deyib ki, ölkədə qızılcaya 55 yoluxma halı qeydə alınıb: “Bu xəstəliyə yuxarı yaş qrupuna aid insanlar yoluxub. Uşaqlar arasında qızılca müşahidə olunmur. Bunun da səbəbi odur ki, uşaqlar körpəlikdən hamısı peyvəndə cəlb olunub və onlar arasında bu xəstəliyə təkrar yoluxma müşahidə edilmir”.
C.İsayev qeyd edib ki, qızılcanın yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xaricdən 160 min doza peyvənd sifariş edib: “Peyvəndlər yaxın zamanlarda ölkəyə gətiriləcək və yəqin ki, fevral ayının axırı və ya mart ayında peyvəndləmə həyata keçiriləcək. Peyvəndlərin vurulması dövlət hesabına ödənişsiz olacaq”.
Qeyd edək ki, Gürcüstan paytaxtı Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir.