“İnnovasiyalar Mərkəzi” MMC ilə “My Broker” gömrük təmsilçiliyi memorandum imzalayıb
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC və “My Broker” gömrük təmsilçiliyi arasında vətəndaşlara xidmət istiqamətində əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
AFN AzərTaca istinadən xəbər verir ki, memorandumu “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə və “My Broker” gömrük təmsilçiliyinin direktoru Rəşad Əliyev imzalayıb.
Sənəddə yerli istehsalçı sahibkarlara “2019 İxraca Dəstək” layihəsi üzrə təlimlərin təşkili və Azərbaycanda sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ixrac və idxal əməliyyatlarında sahibkarların maarifləndirilməsi üçün ehtiyac duyulan maarifləndirici təlimlərin də həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin memorandum vətəndaşlara gömrük təmsilçilik xidmətlərini əhatə edən gömrükləmə və anbarlama xidmətlərinin göstərilməsi və xidmətlərin elektronlaşdırılması, innovativ ideyaların hazırlanması və tətbiq edilməsi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, innovativ fəaliyyətlərində sosialyönümlü araşdırmaların aparılması və innovativ üsullar tətbiq edilməsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkil etdiyi sosialyönümlü layihələrində yaxından iştirak etmək və bu kimi digər məsələləri özündə ehtiva edir.