Azexport “Amazonla Qazan” təlimini davam etdirir
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az internet portal və İnternational Trade Center-in (İTC) birgə təşkilatçılığı ilə “Amazonla Qazan” təliminin növbəti mərhələsi keçirilib. Gənclər arasında elektron ticarət alətlərindən istifadə etməklə özünəməşğulluğun artırılmasına yönələn təlim Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunub.
Təlimdə tələbələrə Azexport.az Portalının rəhbəri Zaur Qardaşov və Portalın meneceri Ayxan Qədəşov tərəfindən elektron ticarət platformalarından istifadə etməklə qeyri-neft ixracının artımının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumatlar verilib. İTC-nin dəvət etdiyi ekspertlər Eldar Adilzadə və Muhamed Es Fih gənclərə Amazon və Alibaba kimi nəhəng elektron ticarət platformalarının imkanlarından istifadə etməklə öz müstəqil bizneslərinin qurulması istiqamətində detallı informasiyalar təqdim ediblər. Təlimin sonunda 70-dən artıq tələbəyə sertifikatlar təqdim olunub.