Azərbaycanın "Doing Business" hesabatında yenidən irəliləməsi gözlənilir- FOTOLAR
Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatlar çərçivəsində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupları intensiv fəaliyyət göstərir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, Prezidentin tapşırıqlarına uyğun olaraq işçi qrupları islahatların icrası və kommunikasiya planlarının həyata keçirilməsini təmin edirlər. Xüsusən də, “Doing Business” hesabatının bütün indikatorları üzrə islahatların uğurla həyata keçirilməsi müşahidə edilir.
Prezident İlham Əliyevin qəbul etdiyi fərman və sərəncamlar əsasında son aylar ərzində təkcə “Doing Business” hesabatı üzrə 20-dən artıq islahatın həyata keçirilməsi təmin edilib. Prezident İlham Əliyevin siyasəti nəticəsində dünyada “ən islahatçı ölkə” statusuna yüksələn Azərbaycanın növbəti ildə də bu statusu qoruması gözlənilir. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatarlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İslahat İcmalı”nın xüsusi buraxılışları ilə əldə olunan nailiyyətləri həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. İqtisadi islahatların komunikasiyası çərçivəsində dövlət qurumları ilə yanaşı, həm də beynəlxalq təşkilatlar, sahibkarlar və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təkcə bu ilin əvvəlindən 50-dən çox tədbir keçirilib.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradıdılıb.