Bakıda evi yanan köçkünlərə yeni mənzillər təklif ediləcək




Bu gün səhər Bakı şəhərinin Sabunçu rayonunda, Zabrat qəsəbəsi ərazisində beş məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, yanğın barədə məlumat alandan dərhal sonra Dövlət Komitəsinin məsul əməkdaşları hadisə yerində olublar. Yanğın nəticəsində müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Yanğının tikilidəki boş otaqlardan birində başlanması müəyyən şübhələrə əsas verir. Yalnız obyektiv araşdırmadan sonra, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında hadisəyə hüquqi qiymət veriləcək.

FHN-in məlumatına görə, ümumi sahəsi 1140 kvadratmetr olan, arakəsmələri taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Dövlət Komitəsi yanğından zərər çəkən ailələrə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Ümid” qəsəbəsində yeni mənzillər təklif edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu