Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edib- FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 27-də Hacıqabulda Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Hacıqabuldakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.