Azərbaycan BƏT-in daha bir Konvensiyasını ratifikasiya etmək üçün milli məsləhətləşmələrə başlayıb
BMT-nin ixtisaslaşmış qurumlarından olan Beynəlxalq Əmək Təşkilatı bu il 100 illik yubileyini qeyd edir. Bununla əlaqədar Təşkilat 187 üzv ölkəsi üçün “Hər ölkəyə bir Konvensiya” təşəbbüsü ilə çıxış edib. Azərbaycan da BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malik ölkə kimi bu təşəbbüs çərçivəsində BƏT-in 155 saylı Konvensiyasının ratifikasiya edilməsi ilə bağlı milli üçtərəfli məsləhətləşmələrə başlayıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyd olunan Konvensiyanın ratifikasiya olunması imkanlarının müzakirəsi ilə bağlı sosial tərəfdaşların - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrinin iştirakı keçirilən görüşdə bildirib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilməsinin növbəti bir göstəricisi kimi son illərdə Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv seçilib. İndiyədək ölkəmiz BƏT-in 57 Konvensiyasına qoşulub. Həmin sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşıb və daim təkmilləşir.
M.Kərimli bildirib ki, sosial tərəfdaşlarla birgə aparılan müzakirələr nəticəsində ratifikasiya üçün BƏT-in 155 saylı Konvensiyası (“Əməyin təhlükəsizliyi, sağlamlığı və istehsalat mühiti haqqında”) müəyyən olunub. Bu da işçilərin həyat və sağlamlığının qorunmasının ölkəmizdə aparılan sosial siyasətin prioritetlərindən olduğunu bir daha təsdiq edir. Həmin Konvensiyanın müəyyən edilməsi həmçinin əməyin təhlükəsizliyi və sağlamlığının vacibliyinin cəmiyyətə çatdırılması zərurətindən irəli gəlir. Yaxın vaxtlarda Azərbaycanda yaradılacaq Əməyin Mühafizəsi Fondu da əməyin mühafizəsi tədbirlərinə sistemli şəkildə maddi-texniki dəstək verilməsi məqsədinə xidmət edəcək.
İclasda nazirliyin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov, AHİK-in əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov, ASK-ın Baş katibinin müavini, Konfederasiyanın hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri Xəqan Hümmətzadə və b. çıxış ediblər. BƏT-in qeyd olunan Konvensiyasının ratifikasiyası ilə bağlı sosial tərəfdaşlar tərəfindən aparılan işlər və bu sahədə görüləcək tədbirlər müzakirə olunub.