2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 16,5 faiz artıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin mart ayı üçün sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Respublikasının ixracı 3,2 milyard ABŞ dolları təşkil edib.
Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 40 milyon ABŞ dolları və ya 16,5 faiz artıb. Cari ilin ilk iki ayı ərzində Rusiyaya 82 milyon, Türkiyəyə 63,6 milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon və İrana 8,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində Rusiyaya qeyri-neft ixracı 21%, Gürcüstana 13% və İrana 2,1 dəfə artıb.
2019-cu ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (30,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mahlıc (25,9 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı isə (24,7 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2019-cu ilin yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 76 milyon, elektrik enerjisinin ixracı 30,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 30,1 milyon, pambıq lifi ixracı 26 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,5 milyon, kimya sənayesi məhsullarının ixracı 12,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 6,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,1 milyon, pambıq ipliyi ixracı 3,7 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, kimya sənayesi məhsullarının ixracı 90 faiz, elektrik enerjisinin ixracı 50 faiz, meyvə-tərəvəzin ixracı 30 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 26 faiz artıb.
2019-cu ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 144 milyon ABŞ dolları təşkil edib. 2019-cu ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (38,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya ikinci (35,7 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (23,4 milyon ABŞ dolları) olub.
Bu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixraca elektrik enerjisi (19,4 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda daranmamış pambıq lifi (mahlıc) (14 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (12,7 milyon ABŞ dolları) üçüncü yeri tutub.
“İxrac İcmalı”nın mart sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Cari ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "TST Export" MMC, "P-Aqro" MMC, "Vorld Trade" MMC, "Sun Food" MMC, “Azhazelnut” MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Garden Store" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC, "Azəripək" MMC, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, "Azərbaycan Dəmir Yolları" QSC.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu ilin ilk iki ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərininin ixracından 2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. 2019-cu ilin fevral ayında isə “Azərkosmos” ASC dünyanın 14 ölkəsinə 952 min ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Nigeriya və Gürcüstandır.
“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 173,6 milyon manat təşkil edib. Cari ilin fevral ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 85,3 milyon manat olub.
“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-fevral ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-fevral aylarında Azexport.az portalına 145,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə
müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 22,3 faiz artıb. Bu ilin fevral ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 53,9 milyon ABŞ dolları təşkil edib və 2018-ci ilin fevral ayı ilə müqayisədə 16,3 milyon ABŞ dolları və ya 43,4 faiz artıb. 2019-cu ilin yanvar-fevral ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (13%), Rusiya(12,4%), ABŞ (7%), Hindistan (7%) və Gürcüstan (5,9%) qərarlaşıb.
Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2019-cu ilin 28 fevral tarixinə kimi (26 ay ərzində) Azexport.az portalına dünyanın 123 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 134,7 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, cari ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 6,8 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən sahibkarlara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 20,1 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
İcmalın bu sayında “İxrac strategiyası” mövzusundakı təlim, Azərbaycan şərablarının “Prowein 2019” beynəlxalq sərgisində nümayiş etdirilməsi, Polşanın Varşava şəhərinə təşkil olunan ixrac missiyası və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. “İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.