Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Aprelin 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.
AFN xəbər verir ki, komitə sədri Rövşən Rzayev vətəndaşların müraciətlərini ayrı-ayrılıqda dinləyib, onların hər birinin araşdırılması üçün müvafiq tapşırıqlar verib. Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətlərin verilməsi, məşğulluq, status məsələləri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.
Sosial müafiəyə xüsusi ehtiyacı olan şəxslər kimi məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin üstün istiqamətlərindəndir. Prezident İlham Əliyevin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırığa uyğun olaraq Bakı şəhərində və bölgələrdə yeni mənzillərin tikintisi davam etdirilir. Dövlət başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsini də daim diqqətdə saxlayır, onun verdiyi Sərəncama uyğun olaraq artıq bu aydan 500 minə yaxın məcburi köçkün vahid aylıq müavinətlərini 50 faiz artımla alacaq.
Məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə yaşayan köçkün ailələrin yeni mənzillərə köçürülməsi barədə tapşırığı davamlı şəkildə icra olunur. Son illərdə yüzlərlə belə ailə zirzəmilərdən, yarımçıq və yararsız tikililərdən yeni mənzillərə köçürülüb.
Vətəndaşların Dövlər Komitəsində qəbul zamanı qaldırdıqları məsələlər operativ şəkildə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.