Xaçmazda tikilən toxum emalı zavodu iyunun 1-dən fəaliyyətə başlayacaq




Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən toxumçuların istehsal etdikləri toxum materialının keyfiyyətli və vaxtında emal edilərək əkinə hazırlığı məqsədilə Dövlət Toxum Fondunun emal zavodu inşa edilib. Xaçmaz rayonu, Qaraçayçək kəndində tikilmiş zavod istifadəyə hazırdır və mövsüm dövründə - iyunun 1-də fəaliyyətə başlayacaq.

Xaçmaz Toxum Emalı zavodu saatda 5 ton toxum emal etmək gücünə malikdir. Müəssisə mövsüm dövründə 4000 tondan çox toxum emalını həyata keçirməklə, regionda istehsal olunan toxum materialının 20%-dən çoxunu təmizləyib toxumçuların istifadəsinə verəcək.

Toxum Fondunun toxum emalı zavodunun üstünlüyü həm də emalın daha az itkiyə səbəb olması və yüksək məhsuldarlıq təklif etməsidir. Müəssisə təqdim edilən toxum materialından 90%-dən çox məhsul əldə etməyə imkan verir.

Zavodun Quba-Xaçmaz regionunda fəaliyyət göstərən fermerlərə təqdimatında iştirakçılara toxum təmizləmə prosesi nümayiş etdirilib. Sınaq emal prosesindən sonra toxumçularla zavodun əməkdaşlıq imkanları müzakirə edilib. Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, zavod toxumçuların məhsullarını emal etməklə yanaşı, həm də onların istehsal etdikləri toxumun alıcısı ola bilər. Qeyd edək ki,müəssisənin aldığı toxum ölkənin ehtiyat toxumu kimi saxlanılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu