Qorxmaz Hüseynov Şamaxı şəhərində vətəndaşları qəbul edib




“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Şamaxı şəhərində vətəndaşları qəbul edib.

Qurumdan AFN-ə verilən məlumata görə, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Şamaxı Sukanal İdarəsinin inzibati binasında keçirilən qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarından olan 38 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su və kanalizasiya xətlərinin çəkilməsi, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu