ƏƏSMN-də Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq müzakirə edilib




2014-2018-ci illər üzrə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında müvafiq sahələr üzrə formalaşan müsbət əməkdaşlıq təcrübəsi yeni birgə iş sahələrinin müəyyən olunmasına imkan verir.

AFN xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AİB-in Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov ilə nazirlikdə keçirilən görüşdə bildirib.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının nailiyyətləri barədə məlumat verib. O, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları, sosial cəhətdən həssas qrupların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün aparılan işləri diqqətə çatdırıb.

Nazir yaxın günlərdə açılışı nəzərdə tutulan ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi, DOST layihəsinin dövlət sosial xidmətlərinə gətirəcəyi innovativ yeniliklər barədə məlumat verib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi üçün aparılan işləri qeyd edib. S.Babayev ölkəmizdə ilk proaktiv xidmət kimi cari ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış təyinatı sisteminə keçildiyini, bu təcrübənin sosial təminat sisteminin bütün sahələri üzrə tətbiq ediləcəyini deyib. Yeni yaradılan “e-sosial” internet portalının, “Məşğulluq” altsisteminin və s. üstünlükləri diqqətə çatdırılıb. S.Babayev AİB-lə əməkdaşlığın əhatə etdiyi istiqamətlərdə aparılan işlərin əhəmiyyətini vurğulayıb.

N.Mannapbekov təmsil etdiyi Təşkilatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu qeyd edib. O, birgə layihələrin müsbət nəticələrinin olduğunu, əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində icra olunan “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi” layihəsinin, eləcə də məşğulluq siyasəti və əmək bazarını əhatə edən araşdırmaların nəticələri nəzərdən keçirilib. Gələcək əməkdaşlıq istiqamətlərinə, sosial müavinətlərin unifikasiyasına, dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsinə, pensiya sistemində islahatlara dair fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu