Arıçılara 910460 manat subsidiya veriləcək
Respublika Komissiyası 2018-ci ildə subsidiya ala bilməmiş arıçılara 910460 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib
Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyanın növbəti iclası keçirilib.
Kənd təsərrüfatı nazirinin müavini, Respublika Komissiyasının sədri İlham Quliyev bildirib ki, Nazirlər Kabinetinin “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” nın qəbul edilməsinin 2018-ci ilin sonuna təsadüf etməsi və 2018-ci ilin əvvəlinə mövcud arı ailələrinin sayına dair statistik məlumatlardan xeyli artıq sayda aşkar edilməsi arıçıların bir qisminin 2018-ci ildə subsidiya ala bilməməsi ilə nəticələnib. Arıçıların çoxsaylı müraciətləri nəzərə alınaraq onların hüquqlarının təmin edilməsi məqsədi ilə 2018-ci ilin 21 dekabr (2018-ci il üzrə müraciətlərin qeydə alınmasının son tarixi) tarixədək müraciətləri qeydə alınmış, ancaq ilin başa çatması səbəbindən subsidiya almamış arıçıların müraciətlərinə baxılıb. Komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri Bədrəddin Həsrətov, Şahin Cəfərov, Qadir Mustafayev, Elvin Bayramov və Sabir Mustafayev də iştirak ediblər.
İclasda bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 43 Dövlət Aqrar İnkişaf Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 3 nömrəli əlavəsindəki cədvələ uyğun tərtib edilmiş icmal siyahıları və digər tələb olunan sənədlərlə birlikdə Respublika Komissiyasına təqdim edib.
Müraciətləri daxil olmuş 43 Dövlət Aqrar İnkişaf Mərkəzinin təqdim etdiyi sənədlərə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçıları Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupunda baxılıb və bu sənədlərə əsasən arıçılara subsidiyanın verilməsi məqsədəuyğun hesab edilib.
Respublika Komissiyası 2018-ci ilin 21 dekabr (2018-ci il üzrə müraciətlərin qeydə alınmasının son tarixi) tarixədək müraciətləri qeydiyyata alınmış, ancaq arı ailələrinin(pətəklərin) identifikasiyanın təmin olunmaması və ilin başa çatması səbəbindən subsidiya almamış 43 Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış rayon(şəhər) şəhər komissiyasının əhatə etdiyi 842 inzibati ərazisi üzrə arıçılıqla məşğul olan 4507 fiziki və hüquqi şəxsə saxladıqları 91046 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat olmaqla cəmi 910460 (doqquz yüz on min dörd yüz altmış ) manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib. Qərar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müraciətləri baxılmış Dövlət Aqrar İnkişaf Mərkəzinə göndərilib.