“Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib
Energetika Nazirliyinin təşkilatçılığı, “Azərenerji” ASC, “Azərişıq” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, bir sıra beynəlxalq şirkət və maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı” mövzusunda növbəti dəyirmi masa keçirilib.
AFN xəbər verir ki, tədbirdə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasi Qanununun, eləcə də elektrik enerjisinin satınalma, habelə bərpa olunan enerji qurğularının elektrik enerjisi şəbəkəsinə qoşulma müqavilələrinin layihələri müzakirə edilib.
Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov nazirlik tərəfindən bərpa olunan enerji mənbələrindən istifadə sahəsində görülmüş işlərdən danışıb. Aparat rəhbəri “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının bərpa olunan enerji sahəsində ciddi irəliləyişlərə səbəb olacağını qeyd edib.
Tədbirdə qanunvericilik aktlarının hazırlanmasına məsləhətçi şirkət kimi cəlb edilmiş DNV GL şirkətinin nümayəndəsi İlka Levinqton enerjinin satınalınması və bərpa olunan enerji qurğularının şəbəkəyə qoşulması müqavilələrinin layihələri barədə danışaraq, əsas istiqamətləri diqqətə çatdırıb.
Sonra bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin seçilməsi, prioritetləşdirilməsi və hərraca çıxarılmasına hazırlıq istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə investorları maraqlandıran məsələlər müzakirə edilib, hazırlanan layihələrə dair irəli sürülən rəy və təkliflərin nəzərə alınacağı qeyd olunub.