Hərracda kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Komitədən AFN-ə verilən məlumata görə, budəfəki hərracda özəlləşdirilən əmlaklar arasında kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri var. Sahəsi 184.6 kv.m olan dövlət əmlakı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir. Xidmət, ticarət və digər istiqamətlər üzrə fəaliyyət imkanları olan dövlət obyekti 231.8 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki qeyri-yaşayış binasının isə sahəsi 111.5 kv.m-dir. Bu dövlət əmlakı üzrə hərracda iştirak edən şəxs onu 301 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirdi.
Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərracda vətəndaş Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki dövlət əmlakını özəlləşdirdi. Xidmət və ya ofis obyekti kimi istifadə imkanları olan bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 33.6 kv.m-dir.
Avtomobil almaq istəyənlər də seçimlərini dövlət əmlakları üzrə edərək hərracda iştirak etdilər. Özəlləşdirilən BMW, QAZ, Fiat markalarından olan avtomobillərin buraxılış tarixləri 2005-2008-dir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyulun 9-u keçiriləcək. Bu hərraca 77 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Hərrac prosesinə qoşulmaq üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.