64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib
Bakı şəhərində və şəhər ətrafı ərazilərdə yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizliyin artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən AFN-ə verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində artıq 64 küçə və prospektdə mövcud yol nişanlanma xətləri yenilənib, yol hərəkətinin təşkili baxımından mövcud çatışmazlıqlar aradan qaldırılıb. Görülən tədbirlər zamanı piyada təhlükəsizliyinə xüsusi önəm verilib, eyni səviyyəli piyada keçidlərində 1.14.1 nişanlanmaları (yəni zebralar) yenilənərək piyadaların istifadəsinə verilib. Həmçinin bu kimi tədbirlər həyata keçirilərkən bəzi yolayrıclarında hərəkətin zolaqlar üzrə icazə verilən istiqamətlərini göstərən 1.18 nişanlamalarında da nəqliyyat axınına uyğun dəyişikliklər edilərək konfliktlər aradan qaldırılıb. Mərhələli şəkildə digər küçə və prospektlərdə də analoji tədbirlər həyata keçirilir.