NRYTN-in tənzimləmə siyasəti ədalətli deyil - Osman Gündüz
Nömrə resursları necə ayrılır, nə üçün "Azercell"in 3, "Bakcell"in isə 1 kodu olmalıdır?
"Azercell" dövlət şirkətinə yeni nömrə resursu, 010 kodu (prefiks) verilib. Bununla bağlı məlumatlar artıq bir ay öncədən mediada yayılıb. Yəni , yaxın müddətdə Azercell 010 xxx xx xx formada nömrələrin də satışını həyata keçirə biləcək.
Diqqət etsək, görərik ki, indiyədək mobil bazarda bu operatorun və "Nar"ın hər birisinin 2 nömrə resursu var. "Azercell" 050 və 051, "Nar" isə 070 və 077 kodları ilə mobil nömrələri istifadəyə verir. Ölkənin ilk mobil operatoru olan "Bakcell" isə uzun müddətdir ki yalnız bir koddan, 055 prefiksindən istifadə edir.
Bildiyim qədər 2-3 il vardı ki, "Bakcell" yeni nömrə resursu, 099 kodunun alınması üçün NRYTN-a rəsmi müraciət etmişdi. Və bu 3 il ərzində “vuruşurdu” ki bu resursu alsın. Amma yeni kod alan tərəf "Azercell" oldu. Xüsusilə də “bərkgedən” hesab oluna biləcək 010 kodunu əldə etdi. Belə olan halda sual yaranır ki, görəsən nə əcəb 2 nömrə resursu olana 3-cü də verilir, amma cəmi bir kodu olan ölkənin ilk mobil operatoruna 2-ci kod ayrılmır?
Hansı ki, bu yeni resursla "Bakcell" xeyli inkişaf edə bilərdi, yeni müştərilər qazana bilərdi. İnfrasturktura investisiya yatıra bilərdi. Və sonda mobil bazarda rəqabətli mühit daha da inkişaf edərdi. Düşünürəm ki qanunvericilikdə nömrə resursunun ayrılmasından imtina üçün ciddi əsaslar olmadığı halda, NRYTN açıq –aşkar diskriminasiya edir, ədalətsiz siyasət yürüdür, sərbəst və azad rəqabət prinsiplərini pozur.
Dövlət inhisarçılığı ilə özəl qurumun, "Bakcell" şirkətinin fəaliyyəti məhdudlaşdırılır. "Antiinhisar fəaliyyəti haqqında", "Telekommunikasiya haqqında" qanunların və Nömrə resurslarından istifadə Qaydlarının tələblərinə əməl edilmir. Həm tənzimləyici, həm də kommersiya səlahiyyətləri olan NRYTN bu addımla "Azercell"in bazarda süni surətdə üstün mövqeyini qorumağa çalışır. Düşünürəm ki, bu, çox kobud qanun pozuntusudur.
Bəs bu prosesi tənzimləməli olan, təbbi inhisar subyektlərini yerində “oturtmalı” olan Antiinhisar Siyasəti Dövlət Xidməti bu məsələyə nə deyir ?
Antiinhisar qurumla bağlı əldə etdiyim məlumata görə artıq "Bakcell" bir il olar ki bu quruma NRYTN-in qanunsuz hərəkətlərindən-antiinhisar qanunvericiliyin tələblərinin pozulmasından dolayı rəsmi müraciət edibmiş. Və hətta artıq bir-iki ay öncə bununla bağlı Antiinhisar qurum tərəfindən qərarın da çıxarıldığını öyrəndim.
Qəribədir ki, bizim bəyənmədiyimiz, elə mənim də son zamanlar ciddi tənqid etdiyim Antiinhisar Dövlət Xidməti ötən ay antiinhisar qanunvericiliyin tələblərinin pozulduğunu əsas tutaraq Bakcell-ə nömrə resursunun – 099 kodunun ayrılması haqqında, təbii inhisar subyekti olan NRYTN üçün məcburi olan qərar qəbul edib. Bu Qərarın artıq NRYTN tərəfindən icra edildiyi və "Bakcell"ə 099 kodunun verildiyi bildirilir. Şəxsən mən gözləmirdim ki, Antiinhisar Xidməti belə qərar qəbul edə bilər. Lakin qəribədir ki, NRYTN və "Bakcell" hələlik bu haqda açıqlama yaymayıb. Lakin "Azercell"dən 010 ilə bağlı informasiya artıq sızıb. Görünür ki, "Bakcell" NRYTN ilə müqavilə şərtlərini indiyədək də razılaşdıra bilməyib.
Düşünürəm ki, NRYTN tez bir zamanda Antiinhisar Dövlət Xidmətinin qərarına uyğun olaraq "Bakcell" üçün 2-ci kod ayırmalı və nömrə resurslarından istifadəyə şərait yaratmalıdır. Məhz bundan sonra hər üç mobil operator üçün əlavə nömrə resurslarının ayrılmasına diqqət yetirilməsi daha doğru və ədalətli olardı.