Qənirə Paşayeva qırğız yazarları ilə görüşüb - FOTOLAR
Millət vəkili Qənirə Paşayevanın Qırğızıstan Milli Yazıçılar Birliyinin rəhbərliyi ilə görüşdə "Qarabağ həqiqətləri antalogiyası"nın qardaş ölkədə çap olunaraq yayılması təklifi müsbət qarşılanıb.
Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin başqanı Nurlan Kalıbekovun başçılığı ilə Azərbaycanda səfərdə olan 14 nəfərlik Qırğız yazarları heyəti millət vəkili Qənirə Paşayeva və RHİM İB-nin sədri Arzu Bağırova ilə görüşüblər. Qırğız yeni nəsil yazarlarını Azərbaycanda görməkdən çox məmnun olduğunu bildirən millət vəkili və RHİM İB-nin sədri yazarlar arasında sıx əlaqələrin, işbirliyinin ölkələrarası əlaqələrdə xüsusi mövqe və mənaya malik olduğunu bildiriblər. Qardaş ölkə yazarlarına Azərbaycan həqiqətlərindən, yazarlarımızın ömürlərinə çökmüş, əsərlərinə köçmüş Qarabağ üzüntüsündən, qaçqın-məcburi köçkün yazarlarımızın mənəvi-psxioloji qayğılarından danışan Qənirə Paşayeva, Qarabağda yaşanan erməni zülmünü, Xocalı soyqırımını türk dünyasının ortaq problemi kimi şərh edib, qardaş ölkədə “Qarabağ hekayələri” antologiyasının çıxması təklifi ilə çıxış edib və onun təklifi müsbət qarşılanıb. Millət vəkili Q.Paşayeva qırğız yazarlarına Azərbaycan mədəniyyətini, mili rəmzlərimizi əks etdirən hədiyyələr təqdim edib; qırğız yazarları da öz növbəsində millət vəkilinə qırğız əl sənəti nümunəsi olan mili ornamentlərlə süslənmiş hədiyyə təqdim ediblər. Qarşılıqlı fikir mübadiləsi ortamında keçən görüşdə kitablar da mübadilə edilib. Millət vəkili Q.Paşayeva Azərbaycana səfərə gələn qırğız yazarlarına, səfərin təşkilatçılarına minnətdarlıq edib, belə səfərlərin davamlı olmasını təmənna edib. Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin başqanı Arzu Bağırova, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar, adıkeçən ictimai qurumların üzvləri iştirak edib.