"Mediaya rəhbərlik edən insanlar düşünməlidir..." - Daha bir deputat KİVDF-ni islahatlara çağırdı
Milli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Vahid Əhmədovun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) islahatların aparılması ilə bağlı çağırışına dəstək verib.
Deputat F.İbrahimli Demokrat.az-a açıqlamasında deyib ki, Vahid Əhmədov nüfuzlu ziyalıdır və o, islahatlarla bağlı fikirlərində tam haqlıdır:
"İslahatlar həyatın bütün sahələrini, o cümlədən media sahəsini də əhatə etməlidir. Vahid müəllimin dediklərində məntiq var. Cənab Prezident də öz çıxışlarında qeyd edir ki, Azərbaycanda bütün sahələrdə islahatlar aparılmalıdır. Odur ki, bütün sahələrdə islahatlar getməlidir, bundan kənar qalan sfera olmamalıdır. Əgər hər hansı sahədə islahat dayanırsa, demək həmin sahədə inkişaf dayanır. İslahat inkişaf deməkdir".
F.İbrahimli bildirib ki, KİVDF-də islahatların aparılması bütövlükdə Azərbaycan mediasının xeyrinə olan məsələdir:
"Mənə elə gəlir ki, bütün media əməkdaşları islahatların aparılmasını qəbul etməlidir. Vahid müəllim nə deyir? Deyir ki, köhnəlikdən yeniliyə qovuşun, inkişaf edin və sairə! Bilirsiniz, islahata qarşı hücum olmaz. Bu məsələ ilə bağlı Vahid Əhmədov da özünün fərdi fikirlərini söyləyib. Ona hörmətlə yanaşmaq lazımdır. Mən Vahid Əhmədovun bu fikirlərini təqdirəlayiq sayıram. Onun media sahəsində islahatlar aparılması barədə fikirləri çox məntiqli və doğrudur".
Deputat qeyd edib ki, KİVDF-yə ayrılan vəsaitlər dövlətə məxsusdur:
"Bu pullar şəxsi adamların cibindən deyil, dövlət tərəfindən ayrılır. Dövlət də qoyduğu bütün vəsaitlərin nəticəsini görməlidir. Hesab edirəm ki, ayrılan vəsaitlərin nəticəsi olaraq qəzetlər müasirləşməlidir, təsir gücü olmalıdır. Pul ayrılan qəzet və saytlar kimlərinsə şəxsi prinsiplərindən deyil, ümumidövlət prinsipindən çıxış etməlidir. Mətbuata ən böyük hörmət və nüfuzu mediamızın ədalətli, tərəfsiz və qərəzsiz münasibəti gətirə bilər. Əgər doğrudan da sənin pul xərcələdiyin qəzetlər oxunmursa, satılmırsa, o zaman artıq Vahid Əhmədov yox, mediaya rəhbərlik edən, mətbuatla məşğul olan insanlar problemdən çıxış yolu üçün hansı addımların atılması barədə düşünməlidirlər. Burada söhbət mətbuatın bağlanmasından getmir. Söhbət yeniləşmədən və günümüzün çağırışlarına cavab verməkdən gedir".
Xatırladaq ki, bu yaxınlarda millət vəkili Vahid Əhmədov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda ciddi islahatların aparılmasına çağırış edib. O, bu fikirlərinə görə KİVDF-dən maliyyələşən qəzet baş redaktorları tərəfindən sərt tənqid edilib.