“Prezident mənə dedi ki, səni “Maşın” şoudan niyə çıxardılar?”
Xalq artisti Rafael Dadaşov "5-də 5” proqramında qonaq olarkən maraqlı açıqlamalar verib.
Məşhur aktyor Prezident İlham Əliyevlə görüşündən danışıb. R.Dadaşov ölkə başçısı ilə maraqlı dialoqundan söhbət açıb: "2007-ci ildə mən Murad Dadaşovun "Maşın” layihəsində iştirak etmişdim. Dedi ki, aktyorlar çox olacaq, iştirak et. Saqqızımı oğurladı. Ancaq aktyorlar şouda çox az idi. Anlaşılmaz bir şəkildə Tünzalə məni oyundan kənarlaşdırdı. Hamı indiyədək bunun səbəbini soruşur. Sözümün canı var.
Prezident İlham Əliyev mayın 25-də "Gülüstan” sarayında incəsənət üzvləri ilə görüş keçirilmişdi. Mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə mənə ev hədiyyə olunmuşdu. Həmin görüşdə fürsət bilib ev üçün Prezidentə təşəkkür etmək istəyirdim. Məni görüb yanına çağırdı. Evlə bağlı söhbət edəndən sonra dedi ki, səni "Maşın” şoudan niyə çıxardılar? Hamı gülməyə başladı. Çaşdım, dedim ki, cənab Prezident, baxırsınız? Dedi ki, o gün təsadüfən kanallara baxırdım, gördüm ki, "Maşın” şou gedir və Rafaeli çıxardılar. Səni layiq olmadığın halda niyə çıxardılar? Sən neyləmisən?
Dedim ki, cənab Prezident, oyundur, kimisə çıxarmalıdırlar. Qayıtdı ki, yox, səni niyə çıxardılar? Bu, düz deyil, səni oyuna qaytarsınlar. Dedi ki, Bəylər, Rafaeli oyuna qaytarın (gülür). Oyunun sonuna da üç gün qalmışdı. Dedim ki, cənab Prezident, nəyə qayıdıram? Bir maşından ötrü? Sizin əlinizdə bir maşın nə olan şeydir ki?
Demək istəyirəm ki, Prezidentimiz diqqətlidir. Verilişə də baxır, maraqlanır. Tamaşalara gəlir, yubileylərdə iştirak edir”. ("Qafqazinfo”)