193 Çağrı mərkəzi: daşınmaz əmlakla bağlı sorğulara operativ cavab və hüquqi yardım
Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə sorğuların anında cavablandırılması, o cümlədən vətəndaşların göstərilən xidmətlərlə bağlı hüquqi informasiya təminatının yüksəldilməsi sahəsində 193 Çağrı mərkəzi fəaliyyət göstərir. Hər bir müraciətə operativ reaksiya vermək, təklifləri dinləmək kimi məqsədlərlə komitənin Çağrı mərkəzi vətəndaşların xidmətindədir.
Bu ilin ilk 8 ayı ərzində Çağrı mərkəzinə ümumilikdə 18 minə yaxın müraciət daxil olub. Ünvanlanan müraciətlər əsasən, ərizə və məktubların icrası, daşınmaz əmlakların dövlət qeydiyyatına alınması, elektron xidmətlər, dövlət əmlaklarının özəlləşdirilməsi və digər məsələlərə aiddir. Yanvar-avqust ayları ərzində məlumat mərkəzinə daxil olmuş müraciətlərin 17 mindən yuxarısı sorğu tipli, qalanı isə araşdırma tələb edən məsələlər olub.
Hər bir sorğu bütün hallarda qanunvericiliyə uyğun olaraq cavablandırılıb, vətəndaşlara ətraflı izahatlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydə alınıb və fəaliyyət sahəsi olan struktur bölməyə həll edilməsi üçün yönləndirilib. Qeyd edək ki, Çağrı mərkəzinə edilən müraciətlərdən 15 minə yaxını paytaxt Bakı şəhərində, 3 minə yaxını isə regionlarda yaşayan vətəndaşlar tərəfindən ünvanlanıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin 193 Çağrı mərkəzi bütün sorğuların cavablandırılmasını təşkil etmək, vətəndaşların bu istiqamətdə hər hansı bir çətinliyini dərhal aradan qaldırmaq məqsədilə canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejimdə komitə mütəxəssisləri həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların müraciətlərini gözləyir.