Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib




Sentyabrın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib.



Tədbir Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri, Akademiyanın rəhbərliyi, müəllim və tələbələr, valideynlər iştirak ediblər.

Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın müəllim-tələbə kollektivini, valideynləri təbrik edən İsmayıl Hüseynov bildirib ki, əsası ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il olduğu kimi, bu ildə yeni tədris ilinin başlanması ərəfəsində ölkəmizin bütün regionlarında, şəhər və qəsəbələrində yeni müasir təhsil ocaqları tikilib, istifadəyə verilib.

Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr istedadlı, bilikli gənclərin hər sahədə önə çəkilməsinə, təhsilimizin inkişafına təkan verib.

İsmayıl Hüseynov diqqətə çatdırıb ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq gömrük orqanlarının müasir elmin sirlərinə yiyələnən ixtisaslı kadrlarla təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyası təsis olunub.

Fəaliyyət göstərdiyi qısa dövr ərzində Akademiyanın yüksək nəticələr əldə etməsinin, bakalavr səviyyəsi üzrə qəbul olunan tələbələrin yekun dövlət attestasiyası zamanı əldə etdikləri uğurlu nəticələrin qürurverici olduğu vurğulanıb.

"Artıq tam əminliklə deyə bilərik ki, Akademiyamız nəinki ölkəmizin, eyni zamanda, regionun aparıcı müasir ali təhsil müəssisələrindən birinə çevrilib", - deyə sözünə davam edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Akademiyaya bu il qəbul olunan və hazırda təhsilini davam etdirən digər tələbələrin də estafeti uğurla başa vuracaqlarına əminliyini bildirib. İsmayıl Hüseynov gənclərin savadlı, bacarıqlı kadrlar, layiqli vətəndaşlar kimi yetişməsi məqsədilə Dövlət Gömrük Komitəsinin də bütün zəruri addımları atacağını diqqətə çatdırıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edib. Bu ali təhsil ocağının uğurlarından söz açan Qulu Novruzov qeyd edib ki, Akademiya artıq 6-cı tədris ilini, yeni dərs ilini qarşılayır. Dövlət Gömrük Komitəsinin Akademiyası bu gün Azərbaycanın ən sayılıb-seçilən, ən inkişaf etmiş, ən mütərəqqi ali məktəbləri ilə müqayisə oluna bilən ali təhsil müəssisəsidir.

Akademiyanın rəisi vurğulayıb ki, bu gün Azərbaycanda hər sahədə olduğu kimi, gömrük sahəsində də çox intensiv, zamanın tələbinə uyğun olaraq çoxsaylı islahatlar həyata keçirilir. Bu istiqamətdə Azərbaycan Prezidentinin "Qara qızılı insan kapitalına çevirək" devizi rəhbər tutularaq ən mütərəqqi və yüksək səviyyəli mütəxəssislərin hazırlanması prioritet vəzifə olaraq qalır. Bu vəzifəni yerinə yetirmək üçün Akademiyanın kollektivi, pedaqoji heyəti, əməkdaşları, inzibati heyəti əllərindən gələni edirlər.

Akademiyada yüksək təhsil mühitinin yaradılmasına görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirən Qulu Novruzov gələcəkdə yeni nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib və məzunlara uğurlar arzulayıb.

Tədbirdə bu il tələbə adını qazanmış I kurs tələbələri və onların valideynləri Akademiyada yüksək səviyyədə təhsilə yiyələnmələri üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Sonra gömrük sistemi atributlarının təqdim olunması mərasimi keçirilib. Simvolları Akademiyanın 2018/2019-cu il məzunları 2019/2020-ci tədris ili üzrə Akademiyaya yüksək balla qəbul olunan tələbələrə veriblər.

Daha sonra Akademiyaya yüksək balla qəbul olunan tələbələrə tələbə biletləri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına I ixtisas qrupu üzrə "İnformasiya təhlükəsizliyi", II ixtisas qrupu üzrə "İqtisadiyyat" və III ixtisas qrupu üzrə "Hüquqşünaslıq" ixtisasına qəbul aparılıb, Akademiyanın qəbul planı 100% dolub.

Bununla yanaşı, 2019/2020-ci tədris ilində ilk dəfə olaraq Akademiyanın magistratura pilləsinə də "Gömrük işi" və "Beynəlxalq hüquq" ixtisasları üzrə qəbul aparılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu