Sosial və kadr islahatları artıq ciddi bəhrəsini verir




Dünən Sosial Tədqiqatlar Mərkəzində “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirilib və “stm.az” saytının təqdimatı olub. Tədbirdə dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə son vaxtlar ölkəmizdə uğurla həyata keçirilən sosial islahatlar barədə geniş müzakirələr aparılıb. Çıxış edənlər möhtərəm Prezidentin kadr islahatları ilə bağlı da öz fikir və mülahizələrini bildiriblər. Dərin məmnunluq hissi ilə qeyd olunub ki, Azərbaycanda islahat təşəbbüsləri həmişə olub, amma son dövrlərdə xüsusilə vüsət alıb. Tədbirdə səslənən çox sayda dəyərli fikir və təkliflər ölkə ictimaiyyəti arasında dərin razılıq hissi doğurub. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev bu barədə fikirlərini oxucularımızla bölüşərkən dedi:



– Son vaxtlar Azərbaycanda aparılan uğurlu sosial və kadr islahatları miqyasına və səmərəliliyinə görə fərqlənir. Özünüz təsəvvür edin. Ölkəmizdə yalnız son islahatlar paketi 5 milyard manat həcmində olmaqla, 4 milyon insanı əhatə edir. Mən ikinci elə bir ölkə tanımıram ki, orada hazırda çağdaş Azərbaycanda aparılan səviyyədə uğurlu humanist sosial siyasət həyata keçirilsin.
Mənim müxtəlif ölkələrdən olan sosioloq və siyasətçilərlə sıx əlaqələrim var. Onlar məndən tez-tez müstəqil Azərbaycanın brendi olan “ASAN xidmət” barədə soruşurlar. Mən bu barədə onlara deyirəm: “Azərbaycan Prezidentinin ən böyük sosial innovasiya layihəsi olan “ASAN xidmət” həqiqətən çox qısa müddət ərzində insanların rəğbətini qazana bilib, effektiv dövlət idarəçiliyi, məmnunluq, hesabatlılıq, şəffaflıq anlayışları ilə asossiasiya olunmağa başlayıb və dövlət idarəçiliyinə yenilik gətirmiş dövlət kimi Azərbaycanı dünyaya tanıdıb”.
Fikrimcə, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması ölkəmizdə aparılan islahatların tərkib hissəsi, onun bir təzahürüdür. Belə ki, müasir effektiv dövlət idarəetməsi ictimai rəy öyrənilmədən mümkün deyil. İctimai rəyin öyrənilməsi işi klassik üsullarla yanaşı, mütərəqqi, araşdırma metodları və innovativ texnologiyalardan istifadə etməklə təşkil edilməlidir. İnanıram ki, Sosial Tədqiqatlar Mərkəzinin kollektivi qarşıda duran vəzifələrin öhdəsindən uğurla gələrək ölkəmizdəki islahatlar kursuna öz töhfəsini verəcək. (Xalq qəzeti)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu