Londonda xoşməramlı dəniz səfirlərinin görüşü keçirilib - FOTOLAR




25-26 sentyabr tarixlərində Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən baş qərargahında “Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirləri” üçün görüş keçirlib. Baş qərargahda həmçinin “Dünya Dənizçilik Günü” də qeyd olunub.



Dənizçi peşəsinin təbliği və dənizçilik sahəsi haqqında məlumatın artırılması istiqamətində xoşməramlı dəniz səfirlərinin işini yüksək qiymətləndirən Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitak Lim, dəniz səfirlərinin ölkələrində həyata keçirdikləri tədbirləri müsbət qarşıladığını dedi.

Beynəlxalq Dəniz Təşkilatının xoşməramlı dəniz səfirlərinin və müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə xoşməramlı dəniz səfirlərinin dənizçilik sahəsinə verdiyi töhfələrdən bəhs edilməklə yanaşı, son dövrdə aktual məsələlərdən biri hesab olunan qadınların dənizçilik sahəsindəki rolu və tutduqları mövqe barədə ətraflı müzakirələr aparıldı. Görüşdə xoşməramlı dəniz səfirlərinin effektiv kommunikasiya planları, sosial təşəbbüslər, dəniz nəqliyyatı sahəsində təlimlərin keçirilməsindən söz açıldı. Beynəlxalq Dəniz Təşkilatının əsas fəaliyyətinin ətraflı əks etdirilməsi məqsədilə yol xəritəsinin formalaşdırılması üçün təlimat və mexanizmlərin işlənib hazırlanmasının zəruriliyi tədbir iştirakçılarını diqqətinə çatdırldı.

Görüşdə bildirildi ki, Asiya, Sakit okean, Avropa və Afrika, Karib dənizi üzrə 4 region çərçivəsində və hər biri 10 nəfərdən ibarət olmaqla qruplara bölünmüş xoşməramlı dəniz səfirləri Beynəlxalq Dəniz Təşkilatının Texniki Əməkdaşlıq Komitəsinin işi ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.

Beynəlxalq Dəniz Təşkilatının xoşməramlı dəniz səfiri, Dövlət Dəniz Agentliyinin hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədov Azərbaycan Respublikasında dənizçilik sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verərək bildirdi ki, gündəmdə olan əhəmiyyətli məsələlər, xüsusilə qüvvəyə minmiş yeni dəyişikliklər, eləcə də bu sahədə maraq doğuran sualların cavablandırılması və tövsiyələrin verilməsi məqsədilə tələbələr ilə görüşlər keçirilib.

O, gənc kadrların dənizçilik sahəsində iş təcrübəsinin artırılması və onlar arasında bu sahəyə marağın təşviq edilməsi məqsədilə tələbələr üçün Dövlət Dəniz Agentliyində təcrübəkeçmə imkanlarının yaradıldığını qeyd etdi. Fərhad Məmmədovun sözlərinə görə, “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə dənizçilik sektorunda gender bərabərliyinin necə idarə olunması mövzusunda təlim keçirilib. Təlimdə dənizçilik sahəsində çalışan işçi və tələbələr iştirak edib. Təlim dənizçilik sektorunda bərabərlik və inkluzivlik, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi, bu sahədə maneələrin aradan qaldırılması və işçi qüvvəsi balansının qorunması üçün qadınlar arasında dənizçilik peşəsinin təbliğ edilməsi istiqamətində aparılan güclü müzakirələr çərçivəsində keçirilib.

Beynəlxalq Dəniz Təşkilatının baş qərargahında “Dənizçilik cəmiyyətində qadınların səlahiyyətləndirilməsi” mövzusuna həsr olunmuş “Dünya Dənizçilik Günü 2019” adlı tədbir də keçirilib. Xatırladaq ki, “Dünya Dənizçilik Günü” Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmən elan olunmaqla dənizçilik sahəsində həyata keçirilən tədbirlərin və xüsusilə Beynəlxalq Dəniz Təşkilatının işinin əhəmiyyətini vurğulamaq məqsədilə hər il bir mövzuya həsr olunmaqla qeyd edilir.

Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitak Lim qeyd edib ki, üzv dövlətlərə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında köməklik göstərilməsi Beynəlxalq Dəniz Təşkilatının əsas strateji istiqamətlərindən biridir. Qadınların dənizçilik sektorunda rolunu xüsusilə vurğulayan Kitak Lim hesab edir ki, göstərilən səylər dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün uzunmüddətli və davamlı olacaq.

Baş katib dənizçilik sahəsində qadınların güclənməsi və davamlı olaraq köhnəlmiş anlayışlarla mübarizə aparılması, müxtəlifliyin birgə əmək, liderlik və kommersiya fəaliyyətində əhəmiyyətli olmasından söz açıb. O bildirib ki, dənizçilik sahəsində gender bərabərliyini rəhbər tutmaqla Beynəlxalq Dənzi Təşkilatının dəstəyi ilə inkişafa nail olmaq üçün qadınların əməyindən bərabər şəkildə istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə inkişaf etməkdə olan ölkələrdə dənizçilik sahəsində çalışan qadınlar üçün ixtisaslaşmış texniki təlimlərdən istifadənin asanlaşdırılması, qadınlar üçün dənizçilik sahəsində fəaliyyət göstərən qurumlarda və təlim mərkəzlərində iş imkanlarının təmin edilməsi məqsədilə münasib mühitin formalaşdırılması, eləcə də inkişaf etməkdə olan ölkələrdə dənizçilik sahəsində çalışan peşəkar qadınların dənizçilik assosiasiyalarının yaradılmasına köməklik göstərilməsi diqqətə çatdırılıb.









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu