Məcsiddə kitab təqdimatı, etirazlar və Hacı Şahindən CAVAB
Dünən Bakıda fəaliyyət göstərən Məşədi Dadaş məscidində şair Şəhriyar Del Geraninin imza günü keçirilib. AFN-in məlumatına görə, "Gecəniz şeirə" kitabının təqdim olunduğu tədbirdə şairin oxucuları, dindarlar və məscidin axundu Hacı Şahin Həsənli də iştirak edib.
Azərbaycan tarixində bir ilk olan bu hadisə dindar vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Bir qisim məsciddə imza gününün keçirilməsini normal qəbul etsə də, bundan hiddətlənən, hətta axundun ünvanına ağır ifadələr yazanlar da var. Etiraz edənlər şairin bir vaxtlar islam əleyhinə fikirlər səsləndirməyini əsas gətiriblər.
Bütün narazılıqlara baxmayaraq, baş tutan imza mərasimindən sonra Hacı Şahin səsləndirilən ittihamlara cavab verib. Sosial media hesabından paylaşım edən ilahiyyatçı, tədbirin uğurlu keçdiyini qeyd edib: " Bəzi insanlar Şəhriyar Del Geraninin keçmişdə dinə zidd fikirlər səsləndirdiyinə görə, onun məscidə gəlməsinin doğru olub-olmaması haqda suallar ünvanladı. Əsas tənqid olunan fikri yeni "Quran" yazması ilə bağlı səsləndirdiyi fikirdir. Onunla ünsiyyətdən belə anladım ki, şair bunu birbaşa mənada deməyib, obrazlı şəkildə Allah kitabının bəzi ayələrinin şeir vasitəsilə çatdırılmasını nəzərdə tutub. Eyni zamanda, Ş.D.Geraninin Qurban və Ramazan bayramı, hicab və ümumilikdə dinimiz haqda olduqca dəyərli fikirləri də var. Nə səbəbdən bal arısı kimi gözəllikləri axtarmaq əvəzinə, milçək kimi yara axtarmalıyıq?".
Hacı Şahin Həsənli keçmişdə etdiyi səhvlərə görə insanı mühakimə etməyin yanlış olduğunu da diqqətə çatdırıb: "Nə etməliyik? Əlimizə daş götürüb daşlamalıyıq, din düşməni elan etməliyikmi? Bir insan hətta düşmən belə olsa, onu dosta çevirmək daha düzgün olmazmı? Halbuki, Şəhriyar bəy din düşməni deyil, əksinə dinimizə, milli dəyərlərimizə bağlı bir insandır. Keçmişdə səhv hesab etdiyimiz bəzi fikirlərə görə "linç" etməyimiz nə dərəcədə doğrudur? Din xadimi cəmiyyətin bütün kəsimlərinə açıq, qəlbi geniş olmalıdır".
Könül CƏFƏRLİ