“Türkiyə üçün döyüşmək istəyənləri tənqid edənlər tarixi yaxşı vərəqləsin” Elnur Eltürk:
“Türk Birliyinin yaranması qarşısıalınmaz prosesdir. Reallıq odur ki, Avrasiyada güc və enerji mərkəzi formalaşır. Bu gün Türk Birliyini hansısa quruma bənzədənlər var. Məsələn, sosial şəbəkələrdə birliyi GUAM və digər təşkilatlarla müqayisə edirlər və müəyyən müddətdən sonra sıradan çıxacağını proqnozlaşdırırlar”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini, diaspor üzrə araşdırmaçı Elnur Eltürk səsləndirib: “Əvvəla həmin qurumlar daha çox siyasi-iqtisadi və.s. birlik kimi yaranıblar. Türk Birliyi siyasi və sosial-iqtisadi birlik kimi formalaşsa da, birliyin əsas sütunu qan, gen, dil və ortaq milli-mənəvi dəyərlər olacaq. Hələ tarixboyu türklər bir-birinə bu qədər yaxın olmayıblar. Yaranmış tarixi şəraitdən yararlanmaq Türk millətinin tarixi və mənəvi haqqıdır. Türkiyə üçün döyüşmək istəyənləri tənqid edən, məsxərəyə qoyanların tarixi yaxşı vərəqləmələrini istəyirəm. Onlar Çanaqqala savaşında minlərlə Azərbaycan türkünün döyüşdüyünü yaddan çıxarırlar. Həm də 1918-ci ildə Azərbaycanın varlığı uğrunda döyüşən Qafqaz İslam Ordusunun xidmətlərini unudurlar. Kimsə, xalqımızı Qarabağ uğrunda döyüşmədiyini düşünürsə, yanılır...”.