KİV-ə dövlət dəstəyi: "Vəziyyət o həddə çatıb ki, Xırdalana qəzet göndərə bilmirik"




KİVDF-nin son dəyişikliklərindən sonra çap mediasının cəmiyyətdəki nüfuz və mövqeləri möhkəmləndimi?



Bildiyimiz kimi, bu il Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) xətti ilə dövlət tərəfindən maliyyələşdirilən qəzetlərlə bağlı ciddi dəyişiklik edildi. Bir sıra qəzetlərə maliyyə yardımı dayandırıldı və həmin qəzetlərin elektron nəşrə keçmələri tövsiyə olundu. Maliyyə yardımı ayrılacaq qəzetlər qarşısında isə xüsusi tələblər qoyuldu. Belə ki, onlar tirajlarını artırmalı, çap keyfiyyətini yaxşılaşdırmalı və müasir texnoloji vasitələrdən istifadə etməliydilər.



Bu dəyişiklikdən sonra, 2019-cu ilin ikinci yarısı üzrə KİVDF-nin xətti ilə 25 qəzet 3 kateqoriya üzrə maliyyələşdi. I kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan az olmayan gündəlik ictimai-siyasi qəzetlərə aylıq 20 min manat, II kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan az olmayan, günaşırı ictimai-siyasi qəzetlərə aylıq 10 min manat, III kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən az olmayan həftəlik ictimai-siyasi qəzetlərə isə aylıq 5 min manat vəsait ayrıldı.

I kateqoriyaya aid edilmiş 7 qəzetə - “Bakı-Xəbər”, “Kaspi”, “Kaspiy”, “Mövqe”, “Səs”, “Yeni Müsavat”, “Yeni Azərbaycan” qəzetlərinə aylıq 20 min manat, II kateqoriyaya aid olunmuş 13 qəzetə - “Həftə içi”, “Novoye Vremya”, “Azernews”, “525-ci qəzet”, “Xalq Cəbhəsi”, “Paralel”, “Hürriyyət”, “Olaylar”, “Palitra”, “Ədalət”, “Üç nöqtə”, “Azad Azərbaycan”, “Şərq” qəzetlərinə aylıq 10 min manat, III kateqoriya hesab olunan 5 qəzetə - “Oxu məni”, “Unikal”, “Hərbi And”, “Türküstan”, “The Business Times” qəzetlərinə isə 5 min manat maliyyə yardımı ayrıldı.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qəzetlərin maliyyələşdirilməsi ilə bağlı edilən dəyişikliyin çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə ilə edildiyini bildirmişdi.

Maraqlıdır, yeni dəyişiklikdən sonra, KİVDF sədrinin də dediyi kimi, çap mediasının cəmiyyətdəki nüfuz və mövqeləri möhkəmləndimi? Ümumiyyətlə, hazırda dövlətdən maliyyələşən qəzetlər KİVDF tərəfindən qoyulmuş tələblərə cavab verirmi?

AYNA-nın sualını cavablandıran Vüqar Səfərli bildirdi ki, maliyyə ayrılan qəzetlər qoyulmuş tələbləri yerinə yetirir: “Əgər tələblərə, müqavilənin şərtlərinə cavab verməsələr, maliyyələrini danaydırarıq”.

“Əgər əməl edilirsə, nəyə görə həmin qəzetlər rəngli çıxmır?” sualımıza isə V.Səfərlinin cavabı belə oldu: “Nəyə görə rəngli çıxmalıdırlar? Qəzetlərə belə bir şərt qoymamışıq. Biz onlara nə qədər pul veririk ki, rəngli çap olunmalarını da tələb edə bilək? Bizim qoyduğumuz şərtlərin hamısına tam əməl edirlər”.

Daha sonra isə Fonddan maliyyələşən bəzi qəzetlərin baş redaktorlarının fikirlərini öyrəndik.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, ümumiyyətlə, KİVDF tərəfindən qəzetlərin kateqoriyaya ayrılması düzgün addım deyildi: “Qəzetləri kateqoriyaya yalnız oxucu bölə bilər. Oxucunun rəyi ən üstün mövqedir. Hesab edirəm ki, kateqoriyaya bölünmə halı, tamamilə ziyanlıydı, mətbuatın gücdən düşməsinə hesablanmış addımlardan biri idi. Hansısa qəzetə çox və ya az maliyyə ayrıla bilərdi, yəni bunu normal qəbul edirdik. Onsuz da həmişə belə idi, kiminə az, kiminə çox vəsait ayırırdılar. Ancaq heç kəs bilmirdi ki, kim hansı kateqoriyaya aiddir. Kateqoriyalaşdırma mətbuatın zəifləməsinə gətirib çıxardı”.

“Çap mətbuatı bu gün, təbii ki, dövlətin dəstəyi ilə yaşayır, ancaq bu, onunla bağlıdır ki, ölkədə reklam mühiti yoxdur. Reklam gəlirlərimiz mövcud deyil. İkinci səbəb yayım şəbəkələrinin olmaması ilə bağlıdır, vəziyyət o hala çatıb ki, Xırdalana qəzet göndərə bilmirik. 1906-cı ildə “İrşad” qəzeti 4 min tirajla çıxırdı, indi isə ən yüksək tirajla çıxan qəzetin, bəlkə də o qədər tirajı yoxdur. Düzdür, indi yeni yaranmış medianın da üstünlükləri var, ancaq klassik media ənənələri üzərində qurulmayan yeni media sistemi məsuliyyətsiz jurnalistikanın inkişafına rəvac verib. Prezident də son müşavirəsində bunu nəzərdə tuturdu. Azərbaycanda müstəqil medianın çəkisi yüksəlməyənə qədər qeyri-peşəkarlar cəmiyyətə yön verəcək”, - deyə baş redaktor bildirdi.

A.Aşırlı KİVDF tərəfindən həmin qəzetlər qarşısında qoyulan tələblərə də aydınlıq gətirdi: “Bu gün dövlət qəzetlərindən başqa heç bir qəzet rəngli çıxmır. Bizdən iki dəfə artıq maliyyə yardımı alan qəzetlər də rəngli çıxmır. Tiraj məsələsinə gəldikdə, tam əməl edirik, “Azərbaycan” nəşriyyatında çap olunan qəzetlərin tirajında saxtakarlıq etmək mümkün deyil zatən. Müstəqil araşdırma komissiyası yaradılsa və dəqiq yoxlama aparılsa, hər şey aydın olar”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın dediyinə görə isə qaydalar dəyişdirləndən sonra qəzetlərdə bir sıra dəyişikliklər edilib: “Aprel ayından Fondun ayırdığı maliyyə yardımı 2 dəfə artırıldığından, biz həm rəngli, həm də səhifələrimizin sayını 16-dan 24-ə yüksəltməklə çıxmaq imkanı əldə etmişik. Eyni zamanda, bu müddətdə həm satış, həm də abunəçi sayımız xeyli artıb. Bu artım hər ay yayım firmalarından alıb Fonda təqdim etdiyimiz arayışlarda öz əksini tapır. Səhifələrimizin 24-ə yüksəlməsi qəzetdə yeni rubrikaların açılmasına, kənar müəlliflərin əhatəsinin genişlənməsinə imkan verib. Bağlanmış qəzetlərdən 3 jurnalist işə qəbul etmişik”.

“KİVDF-dən aldığımız maliyyənin bir hissəsini onlayn xəbər protalı kimi fəaliyyət göstərən Turkustan.info saytımıza yönəldirik. Fondla bağladığımız müqavilədə də bu barədə müddəa var. “Türküstan” qəzetinin cəmiyyətdəki imici, yayılma arealı, oxucu kütləsi ilə bağlı istənilən monitorinqə açığıq. Bu barədə sosial şəbəkələrdə də müstəqil şəkildə sorğu keçirilə bilər ki, bütün qəzetlər satış və abunələrini ortaya qoysun. Bir sözlə, bu mövzuda dövlət və cəmiyyət qarşısında üzümüz ağdır”, - A.Camal vurğulayıb.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də bildirdi ki, onlar KİVDF tərəfindən qoyulmuş bütün şərtlərə əməl edirlər: “Fondun şərtlərinin hamısı qəzetlərin inkişafına dəstək verir. “Səs” qəzeti də qoyulmuş şərtlərə yüksək səviyyədə əməl edir. Biz təkcə qarşımızda qoyulmuş tələblərə yox, oxucularımızın tələblərinə də cavab verməyə çalışırıq. 29 ildir çap olunan “Səs” qəzeti əvvəlki qədər tirajla olmasa da, tələb olunan 5 min tirajla çıxa bilir. Əgər belə olmasaydı, Fond bizə yardım ayırmazdı”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu