Makron: Sorğu olarsa, Avropa Hürmüzdə iki-üç günə qüvvə yerləşdirə bilər
Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi şərtlərini razılaşdıran Avropa ölkələri öz qüvvələrini bir neçə gün ərzində regiona cəlb edə bilərlər, lakin bunun üçün mütləq ABŞ, İran və ya Omanın rəsmi müraciəti olmalıdır.
AFN.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Evian-le-Ben şəhərində keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla danışıqlardan əvvəl təşkil olunan mətbuat konfransında bəyan edib.
"Biz artıq sabah monitorinq missiyalarında iştirak edə biləcək qırıcıları, 48 saat ərzində freqatları, iki-üç günə isə freqatların müşayiəti ilə təyyarə daşıyan gəmini bölgəyə göndərməyə hazırıq. Sözsüz ki, bütün bunlar ABŞ, İran və Omanın müvafiq sorğusu əsasında baş tuta bilər", - deyə Makron bildirib.
Xatırladaq ki, iyunun 14-də Vaşinqton və Tehran arasında əldə olunmuş atəşkəs razılaşmasının iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. Şərtlərə əsasən, iyunun 15-dən etibarən ABŞ-ın İrana qarşı dəniz blokadası başa çatır və bütün cəbhələrdə hərbi əməliyyatlar dayandırılır.
