Tramp: Hörmüz boğazında gəmiçilik pulsuz olacaq
ABŞ Prezidenti Donald Tramp İrana məxsus Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum yaxud haqq alınmayacağına dair zəmanət verib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ lideri Fransanın Evian-le-Ben şəhərində keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makronla ikitərəfli görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Bu, tamamilə ödənişsiz olacaq. Bizim bu mövzuda kiçik bir mübahisəmiz var idi, lakin heç bir rüsum tətbiq edilməyəcək. Düşünürəm ki, boğaz tamamilə açılacaq və sərbəst gəmiçilik təmin olunacaq", – deyə Ağ Ev rəhbəri vurğulayıb. Tramp həmçinin qeyd edib ki, Hörmüz boğazında təhlükəsizliyin qorunması üçün bir neçə Avropa ölkəsinin, xüsusilə də Fransanın regiona bir-iki hərbi gəmi göndərməsi pis ideya olmazdı.
Xatırladaq ki, cari il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Tehran Hörmüz boğazını ABŞ və İsraillə əlaqəli gəmilər üçün bağlamışdı. Qlobal neft ticarətinin 25%-nin keçdiyi bu strateji su yolunun taleyi iyunun 14-də Vaşinqton və Tehran arasında razılaşdırılmış və iyunun 19-da Cenevrədə imzalanması gözlənilən qarşılıqlı anlaşma memorandumu ilə tənzimlənir.
