SOCAR-ın qayığındakı partlayışla bağlı cinayət işi açıldı
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi qayıqdakı partlayışla bağlı məlumat yayıb.
AFN-in xəbərinə görə, məlumatda qeyd edilir ki, oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat edib, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.